Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olundu, abidəsi önünə tər çiçəklər düzüldü.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi və sənətkarın ailə üzvləri iştirak edirdi.

Elitinfo.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, Qara Qarayev bütün yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli bildirdi ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş bəstəkarın əsərləri dünyada geniş şöhrət qazanıb. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və digər ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Daha sonra çıxış edən dahi bəstəkarın qızı, pianoçu Züleyxa Bağırova Qara Qarayevin xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayan Qara Qarayevin Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri müəllifinə dünya şöhrəti qazandırıb. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun”, “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir.

O, həmçinin “Vətən” operasının (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətinin gözəl nümunələridir.

Qara Qarayev eyni zamanda “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, bir sıra teatr tamaşalarına bu gün də təravətini itirməyən musiqilər bəstələyib.

Azərbaycan musiqi sənətində ayrıca məktəb yaradan, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verən Qara Qarayev 13 may 1982-ci ildə vəfat edib.