Bu il oktyabrın 2-dən 6-dək dünyanın elm və təhsil nümayəndələri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində toplanacaq.

Yerli mətbuat xəbər verir ki, bu barədə 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC 2023) təşkilatçıları məlumat yayıb.

“Bütün akademik dünyanın Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində bir araya gəldiyi üçün bizə qoşulan regionun ən tanınmış universitetlərinin nümayəndələrini salamlayırıq. Bu mötəbər tədbirdə Türkiyədən 8, Qazaxıstandan 4 və Özbəkistandan isə 3 ali təhsil ocağının nümayəndələri iştirak edəcək. Konqres kosmik sənaye titanlarının ən böyük elmi toplantısı, eyni zamanda iştirakçıların şahidlik edəcəyi əsl akademik fikir və müzakirələr mərkəzi olacaq. Bəşəriyyətin bu gün üzləşdiyi qlobal suallar üzərində düşünmək və müzakirələr aparmaq üçün qüvvələrimizi birləşdirərkən Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün qeydiyyatdan keçərək planetar gələcəyə öz töhfənizi verin”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən 3 min 600-dək elmi məqalə qəbul olunub. Məhz Azərbaycandan gənc tədqiqatçılar, professorlara aid 214 məqalə qeydiyyatdan keçib.