Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən ayrılan respublika əhəmiyyətli M-5 (17) – Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulmasına start verib.

Elitinfo.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, hazırda torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.

Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunur.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Yenidən qurulan hissənin uzunluğu 10 kilometrdir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2,5 metrdir.

M-5 (17)-Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub.