Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr davam etdirilir. Ombudsman Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilən növbəti başçəkmədə məqsəd inzibati qaydada həbs edilmiş şəxslərin saxlanma şəraiti, onlarla rəftar və hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

Ombudsman Aparatının mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan üç nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan da qəbul edilib.

Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.

İnzibati qaydada həbs edilmiş şəxslərə hüquqları, Azərbaycan ombudsmanının səlahiyyətləri izah olunub, ombudsmanın “9162 Çağrı mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər, öz dillərində insan hüquqları sahəsində qanunvericilik aktları və beynəlxalq sənədlər təqdim edilib.