Türkiyənin Van-Bahçesaray avtomobil yolunun 33-cü kilometrliyində baş vermiş iki qar uçqunu altından ölənlərin ümumi sayı 38 nəfərdir. Onlardan 11-i hərbçi, 8-i mühafizəçi, 3-ü xilasedici, 2-si yol polisi, biri “TürkSell” rabitə şirkətinin əməkdaşıdır.

Elitinfo.az  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, faciə zamanı 75 nəfər müxtəlif dərəcəli zədələrlə xəstəxanalara yerləşdirilib. Hazırda həkim nəzarətində olan 47 yaralıdan altısının vəziyyəti ağırdır.

Bölgədə güclü qar və tufan hökm sürür. Daxili İşlər naziri Süleyman Soylu faciə ilə bağlı açıqlamasında bildirib ki, axtarış-xilasetmə işlərinin başlaması üçün fevralın 6-da bölgədəki hava durumuna uyğun olaraq qərar qəbul ediləcək.

Qeyd edək ki, üçüncü qar uçqunu təhlükəsi ilə axtarış-xilasetmə işləri dayandırılıb. Uçqun altında daha üç nəfərin qaldığı ehtimal olunur.