Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 1-də xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək.

Bu barədə yerli  mətbuatı DİM-dən bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM-in təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə keçid etməklə tanış ola bilərlər.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur. İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək.

İmtahanda iştirak edəcək ərizəçilərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq məlumat veriləcək.