Artıq 3-cü dəfə Azərbaycanda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı öz işini səmərəli davam etdirir.

Elitinfo.az xəbər verir ki, bu barədə konfransa həsr olunmuş mətbuat konfransında “Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev deyib.

Babək Ağayev qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkədə kibertəhlükəsizlik barədə informasiyanın yayılması, kibertəhlükəsizlik sisteminin daha güclü formada qurulması və sağlam əsaslarla qurulmasıdır: “Bunun üçün dövlət və özəl sektorun səmərəli əməkdaşlığı bunun bariz nümunəsini göstərməkdir. Düşünürəm ki, bu tədbir çərçivəsində “Prosol” şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sıx əməkdaşlığı ötən il və bu il Azərbaycanda kibertalantların üzə çıxarılması, kiberyarışların təşkil olunması, bu kontekstdə özəl və dövlət qurumunun çiyin-çiyinə çalışması bu sahənin daha da inkişaf etməsi üçün dövlət-özəl əməkdaşlığını ön plana çıxarır. Kibertəhlükəsizliyin aktuallığı və əhəmiyyəti son illər daha da artıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib ki, konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilib. Konfransın ikinci günü kiberhücum simulyasiyası ssenarisi üzrə interaktiv panel olmaqla daha dörd panel müzakirə, həmçinin 10 kiberkomandanın iştirak edəcəyi və “Taxt Oyunları” konsepti əsasında kiberyarış təşkil olunacaq. Konfransın sonuncu günündə Azərbaycan Respublikasının Dövlət qurumları “IT rəhbərlərinin II-ci Zirvə Toplantısı” baş tutacaq. “IT rəhbərlərin I-ci Zirvə Toplantısı” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən cari ilin fevral ayında keçirilib. “ICSD 2023”də dünyanın müxtəlif yerlərindən sənaye ekspertləri, kibertəhlükəsizlik mütəxəssisləri, hökumət rəsmiləri və həvəskarlar bir araya gəlir. Tədbirin əsas missiyası kibertəhlükəsizlik anlayışını artırmaq və günümüzün rəqəmsal mənzərəsində inkişaf edən problemlərin həllində əməkdaşlığı təşviq etməkdir.