“Serj Sərkisyan Azərbaycan dəmir yollarının Füzuli rayonu ərazisindən Meğriyə qədər olan relslərini sökdürüb, satıb və pulunu da yeyib…”

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizə milyardlarla dollarlıq ziyan dəyib. Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin yaydığı məlumatda bildirilir ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəyən ziyanın məbləği 818 milyard 880 milyon ABŞ dolları məbləğindədir.

Qeyd edək ki, ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlarda da Ermənistanın təcavüzü nəticəsində ölkəmizə və vətəndaşlarımıza dəymiş zərərlər barədə danışılıb, çağırışlar edilib. Ancaq işğalçı ölkə bu günədək faktaraşdırıcı missiyaların Qarabağda araşdırmalar aparmasına mane olduğundan daha təfsilatlı məlumatlar ortaya qoymaq mümkün olmur.

Bu mövzuda “Yeni Müsavat”a açıqlama verən konfliktoloq Elxan Mehdiyev ilginc fikirlər söylədi. Bildirdi ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki mülkiyyətin, strateji obyektlərin  və infrastrukturun talan edilməsi və satılması Azərbaycanın da susqunluğu nəticəsində cəzasız olaraq davam etməkdədir: “Ərazilərimizdəki mülkiyyətin talan edilməsi işğalın ilk dəqiqələrindən başlayıb. Mənim yadımdadır, bizim kəndimiz işğal olunmuş ən son kəndin yanında olduğundan erməni talançıları kənddə heç kim olmadığını hesab edib kəndə girəndə birini tutub zəncirlə ağaca bağlamışdılar. Bu cür talançıların işi ev əşyalarını, yorğan-döşək yığıb daşımaq idi. Və hər gün 1993-cü ilin sentyabr və oktyabr aylarında yük maşınları ilə Qafan, Gorus və Hadrutdan işğal olunmuş kəndlərə axışırdılar. Bizim bölgəmizdəki evlərin əksəriyyətində çox sayda qədim gəvələr, xalılar var idi. Onların hamısı təbii ki, talan edildi və ermənilər bu xalıları xarici ölkələrə çıxartmaqla baha qiymətlərə satdılar”.

E.Mehdiyev bildirdi ki, ikinci dalğa artıq evlərin sökülməsi, əsasən də dəmir parçalarının və dəmir darvazaların toplanması ilə davam etdi: “Bu da böyük biznesə çevrildi. Belə əməllər işğalçı rejimin hərbçiləri ilə birgə həyata keçirilirdi. Dəmir və mis toplamaq, sonra isə İrana satmaq üzrə işlərə Dağlıq Qarabağda yerləşən hərbi komandanlıq və ozamankı baş nazir Jirayr Poqosyan rəhbərlik edirdi. Dəmir və mis biznesi o zamanlar işğal rejiminin əsas gəlir mənbəyinə çevrilmişdi. Eyni zamanda həm də qonşu Qafan və Gorusdan gələn ermənilər Qubadlı və Zəngilanın kəndləri hesabına çox böyük pullar qazandılar. Bu bölgələrdən olan qaçqın həmvətənlərimiz bu biznesin miqyasını hamıdan çox anlaya bilər. Qəbiristanlıqlardakı qiymətli daşlar həm Ermənistanda, həm də ermənilər tərəfindən Gürcüstanda satıldı”.

Konfliktoloq çox sayda tibbi avadanlıqların xəstəxanalarda qaldığını da xatırlatdı: “Son dönəmdə hərbi vəziyyətlə əlaqədar işğal rayonlarında onların sayı da çox idi. Buraya mədəniyyət abidələri və sənət əsərlərini də əlavə etsək, talanın miqyası ölçüyəgəlməzdir. Meşələrin qırılması və satılması, parket sexlərinin sayının dəfələrlə artması indiyədək Zəngilan və Qubadlının meşələri hesabına aparılır. Üstəlik, Bərgüşad və Həkəri kimi dünyada tayı-bərabəri olmayan balıqlarla dolu iki çay indi də ermənilərin balıq ixracının əsasını təşkil edir. Həkəri çayı üzərində Laçından başlayaraq, vətəgələr qurulub. Həmçinin Həkərinin Bərgüşadla birləşən hissəsində Zilanlı kəndinin qarşısında Həkəri çayının qarşısı kəsilib və böyük balıq vətəgələri yerləşdirilib. Faktiki olaraq indi Araz çayına Həkəridən su axmır. Oradan həm də Gəyən düzü deyilən minlərlə hektar taxıl sahəsinə də su vurulur.  Zəngilan və Qubadlının bütün bağ və bağcaları, əkin sahələri əkilir. Ermənilər əsasən taxılçılıq və bostançılıqla məşğul olurlar.  Füzuli və Cəbrayıl rayonlarının əkin sahələri də eynilə əkilir”.

E.Mehdiyev talan olunan digər sahələrə də diqqət çəkdi: “Orada xeyli infrastruktur obyektləri var idi və buradakı işlərə ən yüksək səviyyədə razılıq verilməli idi. Dəmir yolları və onun üzərindəki ağır elektrik dirəkləri bu sahəyə aiddir. İndi məlum olur ki, bu relslər və onlarla bağlı infrastruktur avadanlıqları Serj Sərkisyanın tapşırığı ilə sökülərək toplanıb və bilavasitə onun əli ilə satılıb.  Hamıya məlumdur ki, bu iş, sadəcə, ayrı-ayrı qrupların işi deyil və bu relslərin və dirəklərin çıxarılması aylarla iş tələb edir. Özü də bu relslərin dəyəri milyonlarla ölçülür. Bu əməliyyatı Serj Sərkisyan-Ohanyan qrupu həyata keçirib və əldə olunan gəlir haqda dəqiq məlumat yoxdur”.

Erməni dilini kifayət qədər yaxşı bilən və davamlı şəkildə işğalçı ölkənin gündəmini orijinaldan izləyən ekpsertimiz hazırda Ermənistanda “Qarabağ klanı”nın üzvlərinin davam edən məhkəməsinə də diqqət çəkdi. Qeyd edək ki, ötən həftə Serj Sərkisyanla sabiq müdafiə naziri Seyran Ohanyan üzləşdirilib. E.Mehdiyev bildirdi ki, indi relslərin nəyə görə sökülməsi yox, kimə və necə satılması və əldə edilən gəlirlərin harada olması Ermənistan istintaq idarəsi tərəfindən araşdırılır: “Bu hərbi cinayətkarlar Azərbaycanın minlərlə ton mülkiyyətini söküb satıb və əldə olunan milyonları ciblərinə qoyublar. Ohanyan bu işin başında Sərkisyanın durduğu haqda ifadə verib.  S. Sərkisyan isə bu pullarla orduya silah alınıb deyərək vəziyyətdən çıxmağa çalışır, amma bu bizi maraqlandırmır. Çünki oradakı istintaqçılar pulun taleyi ilə maraqlanırsa, bizi Azərbaycanın mülkiyyəti və törədilən hərbi cinayətlər maraqlandırır. Əsas məsələ budur ki, biz bu hərbi cinayətkarları necə zərərsizləşdirə bilərik?”

E.Mehdiyev ardınca bunları bildirdi: “Burada Azərbaycan hökumətinin BMT-nin, ATƏT-in fakttoplayıcı missiyasını niyə indiyə qədər bu işə yönləndirmədiyi sual doğurur və biz bu haqda dəfələrlə də yazmışıq. Aydındır ki, həmsədrlər ”sülh prosesinə” xələl gəlməsin deyə, bu işə həmişə müqavimət göstərirlər, ancaq Azərbaycan hökumətinin onlara qulaq asmasına heç bir əsas yoxdur. ATƏT-də olmursa, BMT-də, Avropa Şurasında bu məsələ qoyulmalı və ən başlıcası, Minsk Qrupunun həmsədrləri ilə hər bir görüşdə bu məsələ qaldırılmalı, danışıqların gedişi üçün şərt kimi irəli sürülməlidir. O zaman Minsk Qrupu da məsələnin ciddiliyini anlayacaq. Əgər Azərbaycan hökuməti bu Sərkisyan məsələsini lazımi formada dünyaya çatdıra bilsə, bu, beynəlxalq aləmə səs sala bilən ən böyük məsələlərdən biri olacaq. Bizim hər məsələdə, istər hərbi, istərsə də dinc istiqamətdə dilimizi daha da uzun edəcək”.

E.Mehdiyev bildirdi ki, Ermənistanın keçmiş prezidenti S.Sərkisyan istintaqa ifadəsində işğal olunmuş ərazilərdəki Azərbaycan mülkiyyətinin-dəmir yollarının relslərini və dirəklərini satıb, silah almasını boynuna almaqla artıq işin çoxunu görüb: “Odur ki, bu işin sonuna çıxmaq lazımdır. Çünki bütün beynəlxalq qanunlar bu cür əməli hərbi cinayət sayır. İstər Avropa olsun, istərsə də Rusiya, heç bir dövlət bu işə bəraət qazandırmaz. Beləliklə, çirkab içində olan bu adamın əməllərini üzə çıxartmaqla onun özünün də Manvel Qriqoryandan heç bir fərqi olmadığını sübut etmiş oluruq. Azərbaycan hüquq-mühafizə orqanlarının üzərində böyük iş düşür və dərhal bu işə başlayıb onu beynəlxalq səviyyədə koordinə etməlidirlər”.

“Yeni Müsavat”