“Təsəvvür edək ki, 2015-ci il 21 fevral tarixində bir vətəndaşın 1000 dollar krediti olub. Həmin vaxta qədər 1 dolların məzənnəsi 78 qəpik idi”.

ONA-nın məlumatına görə, bunu Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov AzTV-nin “Günün nəbzi” proqramında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edərkən bildirib.

N.Əmirov deyib ki, birinci devalvasiyadan sonra 1 dolların məzənnəsi 1 manat 5 qəpik olub: “Yəni birinci devalvasiyadan sonra 27 qəpik artım oldu. Prezident bildirdi ki, bu fərq dövlət tərəfindən ödənilməlidir. Birinci devalvasiyada 1000 dollar kreditin artan dəyəri 150 dollar qiymətləndirildi. Bu, təqribən 250 manata bərabər məbləğdir. Bu da artan dəyərin tamamilə kompensasiya edilməsi deməkdir. Yəni 21 fevral 2015-ci ildə bir şəxsin 1000 dollar krediti varsa, sonradan bu krediti ödəyərək banka qaytarıb-qaytarmamağından asılı olmayaraq, vətəndaşa hər 1000 dollarına 150 dollar, yaxud hər 100 dollara 15 dollar hesablanmaqla kompensasiya manatla ödəniləcək. Əgər həmin vətəndaş ikinci devalvasiyadan sonra bu məbləği banka geri ödəyibsə, yaxud bu günə qədər ödəməyibsə, həmin 1000 dollar krediti olan vətəndaşa 500 dollar kompensasiya ödəniləcək. Yəni birinci devalvasiyada bizim artımımız hər 100 dollara 15 dollar idi, dolların kursu 78 qəpikdən 1 manat 5 qəpiyə qalxmışdı. 21 dekabr 2015-ci ildə ikinci devalvasiyada dolların kursu 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxdı. Bu da təqribən 0,35 dollar kimi qiymətləndirilir. Yəni ikinci devalvasiyaya məruz qalmış 1000 dollarlıq kreditə 350 dollar kompensasiya ödəniləcək. Beləliklə, birinci devalvasiyaya məruz qalmış vətəndaşa hər 1000 dollar üçün 150 dollar, həmin məbləğ ikinci devalvasiyada da banka qaytarılmayıbsa, 350 dollar da əlavə ödəniləcək. Cəmi hər iki devalvasiya dövründə ödənilməyən 1000 dollarlıq kreditə 500 dollar dəyərində kompensasiya ödəniləcək. Bu kompensasiya da kredit yükünün bağlanmasına yönəldilməlidir. Yəni kreditin məbləği 10 min dollardırsa, vətəndaşa hər iki devalvasiyadan keçən məbləğ – 5 min dollar ödəniləcək. Yox, əgər kredit birinci devalvasiyadan sonra götürülübsə, yalnız ikinci devalvasiyanın təsirinə məruz qalıbsa, hər 100 dollara 35 dollar, hər 1000 dollara 350 dollar, 10 min dollara 3500 dollar kompensasiya veriləcək”.

Prezidentin köməkçisi nəzərə çatdırıb ki, burada ikinci bir sual ortaya çıxıb: “Vətəndaşın 10 min dollar krediti varsa və bu günə qədər qaytara bilməyibsə, 10 min dolların 5 min dollarını dövlət kompensasiya edəcək. Prezident sual verdi ki, yerdə qalan 5 min dollar nə olacaq? Məlum oldu ki, həmin 5 min dollar vətəndaşın boynunda yenə dollar olaraq qalır. Prezident tapşırıq verdi ki, bu proses məntiqi sonluğa çatmalıdır. Çünki biz hesabladıq ki, 21 fevral 2015-ci ildə 10 min dollar kredit götürən şəxs krediti bu günə qədər qaytarmayıbsa, onun borcu 32 min dollara çatıb. Əgər bu kredit 17 min manatdırsa, bu günə onun kredit məbləği 54 min manata çatıb. Bu, çox ağır bir yük idi. Birinci vitse-prezident Mehriban Əliyeva və Prezident etirazını bildirdi ki, insanların çiynində ağır faiz yükü qalır. Devalvasiyanın kompensasiyasından sonra da insanların çiynində xeyli yük qalır, bunun da həlli tapılmalıdır. Fərmanın ikinci hissəsindəki tapşırıq buradan yarandı. Prezident yerdə qalan 5 min dollar kreditin manat kreditinə çevrilməsi barədə tapşırıq verdi. Eyni zamanda söylədi ki, 5 min dollar manat kreditinə çevriləndən sonra vətəndaşa yeni 5 illik manatla kredit verilsin. Vətəndaşa qalan 5 min dolları ödəmək üçün 5 illik 8500 manatlıq yeni kredit veriləcək. Kreditin illik faizi 1 faiz olacaq. Eyni zamanda birinci il güzəşt ili kimi müəyyən edildi. Yəni yerdə qalan 5 min dollar krediti olan vətəndaş artıq növbəti il heç bir ödəniş etməyəcək, qalan illərdə isə illik 1 faiz olmaqla manatla kreditlərini yavaş-yavaş ödəmiş olacaq. Vətəndaş nə qazanır? Əgər onun krediti 10 min dollardırsa, 32 min dollara çatmış kredit borcundan 8500 manat krediti qalır. 32 min dolların 27 min dolları tamamilə silinir. Çünki banklar kredit resursunu dövlətdən alır. Prezidentin də fərmanı ilə dövlət banklara vətəndaşların bu kreditlərini restrukturizasiya etmək üçün illik faiz dərəcəsi 0,1 faiz olmaqla 682 milyon manat 5 illik güzəştli kredit ayırır. Bu kreditin məqsədi həmin vətəndaşlara illik 1 faiz olmaqla manatla kredit verməkdir. Amma məsələ bununla bitmir. Həmin vətəndaşların bu günə qədər hesablanmış bütün faizləri, cərimələri və dəbbə pullarını silmək və vətəndaşların məhkəmələrdə olan bütün işlərinin geri çağırılması, məhkəmə işlərinə xitam verilməsi tələbi qoyulur”.

OXŞAR XƏBƏRLƏR