Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Avstraliyaya səfəri çərçivəsində Melburn və Balarat şəhərlərində yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Elitinfo.az xəbər verir ki, Azərbaycanın və Avstraliyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan DİDK sədri Fuad Muradov Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycan həqiqətlərini Avstraliya ictimaiyyətinə çatdırdıqlarına görə soydaşlarımıza təşəkkürünü bildirib. Eyni zamanda, 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan Komitə sədri DİDK-nın və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) çoxşaxəli fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri barədə geniş hesabatla çıxış edib.

Tədbirdə Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Qurbanov və başqaları çıxış ediblər. Avstraliyadakı diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Viktoriya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Rauf Şükürov Avstraliya və Okeaniya ölkələri üzrə Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Səfər çərçivəsində Fuad Muradovun Viktoriya Yəhudi İcması Şurasının nümayəndələri ilə görüşü olub. Görüşdə Ramil Qurbanov, Şuranın baş icraçı direktoru Naomi Levin, icraçı üzv Frenk Qrinşteyn, baş siyasi analitik Ceymi Hayams, Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri Nira Elgart, Tatyana Zemlinskaya və DİDK əməkdaşları iştirak ediblər.

Görüşdə Viktoriya Yəhudi İcması Şurasının fəaliyyəti və Avstraliyada həyata keçirdiyi layihələr barədə məlumat verilib, Avstraliyadakı yəhudi icması ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Melburna səfəri çərçivəsində şəhərin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə keçirilən tədbirdə DİDK əməkdaşları, Türkiyənin Melburn şəhərindəki Baş konsulu Arif Torun, bu şəhərdə yaşayan həmvətənlərimiz, həmin şəhərin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin sədaları altında Dövlət Bayrağımız Federasiya meydanında ucaldılıb. F.Muradov və R.Qurbanov çıxış edərək, belə tədbirlərin Azərbaycanın Avstraliyada daha yaxından tanıdılmasına, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Melburn şəhərində Avstraliya-Azərbaycan dostluq münasibətlərinə həsr olunmuş ağacəkmə mərasimi də baş tutub. Mərasimdə DİDK-nın sədri, Viktoriya Qanunvericilik Şurasının millət vəkili, Viktoriya Liberal Partiyasının sədr müavini, Viktoriya Qanunvericilik Şurasının 2010-2018-ci illər üzrə sədri, Türkiyənin Melburn şəhərindəki Baş konsulu və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Komitə sədri çıxışında qeyd edib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə dostluq ağacının əkilməsi rəmzi əhəmiyyət daşıyır. Avstraliyada multikulturalizmin inkişafına və Azərbaycan icmasına göstərilən diqqətə görə Viktoriya Qanunvericilik Şurası üzvlərinə minnətdarlıq ifadə edilib.

Tədbirdə digər çıxış edənlər Avstraliya və Azərbaycanı birləşdirən multikultural dəyərlər, Azərbaycan diasporu ilə dostluq münasibətləri və Azərbaycanla Türkiyənin iki qardaş ölkə olması barədə danışıblar.