Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında XVIII “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.

Elitinfo.az xəbər verir ki, ölkəmizi beynəlxalq festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Festivalda Azərbaycan, Türkiyə, Rusiya, Əfqanıstan, Misir, Belarus, Almaniya, Gürcüstan, Hindistan, İtaliya, İndoneziya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, BƏƏ, Fələstin, Rumıniya, Çexiya, Avropa Birliyi və başqa ölkələrin nümayəndələri iştirak edib, ölkələrinin mədəniyyəti, milli mətbəxini təqdim ediblər.

Tədbirdə çıxış edən Özbəkistanın xarici işlər nazirinin müavini Qayrat Fazılov bildirib ki, ənənəvi keçirilən beynəlxalq festival ölkənin mədəni həyatını dolğun şəkildə zənginləşdirir, paytaxt sakinlərinə və qonaqlarına festivalın iştirakçısı olan ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradır, mədəniyyət və turizmin inkişafına töhfə verir.

Azərbaycan üçün ayrılmış stenddə iştirakçılar Azərbaycan milli mətbəxinin şah yeməkləri və şirniyyatlarına qonaq ediliblər. Guşədə qonaqlara xüsusi olaraq Azərbaycan çayı təqdim olunub.

Qeyd edək ki, milli yeməklərimizi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Daşkənddəki “Yemeli” restoranının mütəxəssisləri hazırlayıb.

Festival çərçivəsində dövlətlərin bayraqları, müxtəlif tətbiqi sənət əşyaları, milli suvenirlər, mətbəx mövzusunda nəşrlərə dair sərgi də təqdim olunub.

Milli yeməklərin satışından əldə olunan vəsait tibbi-sosial yardım kimi Özbəkistanın Daşkənd və Fərqanə şəhərlərindəki uşaq evlərinə, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mürüvvət” internat məktəblərinə köçürüləcəkdir.

Yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda milli adət-ənənələrə, yeməklərin keyfiyyətinə, milli rəqsə, musiqiyə və ən yaxşı geyimə görə fəal iştirak edən qurumlara diplomlar verilib. Keyfiyyət, professionalizm, milli mətbəxin yüksək səviyyədə təqdim edilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi diploma layiq görülüb.