Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilib.

Elitinfo.az xəbər verir ki, tədbiri açan komitə sədri Bahar Muradova Azərbaycanın şanlı Qələbə qazandığı 44 günlük Vətən müharibəsindən danışıb. Bildirib ki, son illərdə ölkəmiz daxili və xarici siyasətdə xeyli uğurlar əldə edib. Ermənistanın işğalçılıq siyasətindən bəhs edən Bahar Muradova vurğulayıb ki, Azərbaycan haqq işini layiqincə görüb. Bütün azərbaycanlılar birlikdə olub, yumruq kimi birləşib. Bu da Qələbəmizi şərtləndirən amillərdən biri olub.

Prezident İlham Əliyev tərəfindən cari ilin “Şuşa İli” elan edildiyini xatırladan komitə sədri 2022-ci ilin də Azərbaycan üçün uğurlu olacağını qeyd edib.

Sonra Komitənin 2021-ci ildəki fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Bahar Muradova iclasın gündəliyinə daxil olan iki məsələni iclas iştirakçılarının diqqətinə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci ildəki fəaliyyəti haqqında danışan komitə sədri bildirib ki, hesabat ilində Komitə tərəfindən 5 hesabat, 2 təhlil, 2 araşdırma və 1 sorğu həyata keçirilib. B.Muradova, həmçinin normativ hüquqi bazanın təkmilləşdirilməsinə, Komitə tərəfindən rəy və təklif verilmiş qanunvericilik layihələrinə də toxunub. Həmçinin “Azərbaycan Respublikasının Ailələrə dair 2021–2030-cu illər üçün Strategiyası”nın ilkin layihələri və ictimai müzakirələrindən bəhs edib.

Bundan əlavə, Bahar Muradova BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiya”sı və “Uşaq hüquqları haqqında” Konvensiyasından irəli gələrək Azərbaycan Hökuməti tərəfindən məruzələr və məruzələr ilə bağlı təqdim edilmiş sualların cavablandırılmasına dair məlumat verib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək qadın və gender məsələləri, hüquqi təminat və məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verib. Bildirib ki, rayonlarda bələdiyyələrlə bu istiqamətdə işlərin aparılması zəruridir və əlaqələrin gücləndirilməsi vacibdir. Sədr müavini, həmçinin gender komissiyasının yaradılmasının vacibliyini qeyd edib. Sədaqət Qəhrəmanova maddi imkanı zəif olan qızların ali təhsil haqqının ödənilməsi üçün işlərin davam etdirildiyini bildirib.

Komitə sədrinin müavini Aynur Sofiyeva ailə və uşaq məsələləri, media və vətəndaş cəmiyyəti ilə işlərin aparılması haqqında danışıb. Araşdırma və təhlillər ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının AQUPDK-nın sədri Ramilə Seyidova Muxtar Respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatını təqdim edib. Bildirib ki, Naxçıvanda ailələrdə qadın və uşaqların dövlət tərəfindən hüquqları tam şəkildə qorunur. “Qadınlar sahibkarlıq fəaliyyətinə cəlb edilir və onlara maddi dəstəklər göstərilir. Həmçinin qadınların və uşaqların sağlamlıq imkanları yaxşılaşdırılır. Bundan əlavə, fiziki məhdudiyyətləri olan qadınlar peşə təhsilinə cəlb olunurlar. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün onlara avtomobil və evlər verilir. Paralel olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyi Naxçıvanda 25 qadına kapital verib”, – deyə o qeyd edib. Ramilə Seyidova vurğulayıb ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara bütün sahələrdə diqqət və qayğı göstərilir.

İclasda qarşıda duran məsələlər barədə fikir mübadiləsi də aparılıb.