Bu caz konserti xüsusi, vacib və tarixi bir günə, 8 Noyabr – Zəfər Gününə, Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarımızın, eləcə də münaqişə nəticəsində itkin düşmüş azərbaycanlıların əziz xatirəsinə həsr edilib.

Yerli mətbuat xəbər verir ki, bu fikri Fransadakı səfirimiz Rəhman Mustafayev Parisdə “Kortot” konsert zalında Şuşanın azad edilməsinə həsr edilmiş konsertdən əvvəlki çıxışında söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti vurğulayaraq bildirib ki, hər il noyabrın 8-də ölkəmizdə Zəfər Günü qeyd ediləcək.

Ötən il noyabrın 8-də Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşa erməni işğalından azad edildi və 28 illik əsarətə son qoyuldu.

Qarabağın paytaxtı Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, milli poeziya, ədəbiyyat mərkəzidir. Məhz Qarabağda Azərbaycanın ilk operası, klassik musiqisi yazılıb. Şuşa Azərbaycan Dövlət Himninin yazıldığı şəhərdir.

Noyabrın 8-i çox vacib tarixdir. Bu beynəlxalq hüququn bərpa olunduğu, BMT Təhlükəsizlik Şurasının, bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçirildiyi tarixdir.

Qeyd edib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə Qarabağı işğal altında saxlayıb. Noyabrın 8-də Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi olmuş, müharibənin taleyində həlledici rol oynamış və müharibəyə son qoymuşdur. İki ölkə arasındakı münaqişəyə son qoyulub, beynəlxalq hüquqa riayət edilib.

Azərbaycan torpaqlarının müdafiəsinə qalxaraq, tarixi ədaləti bərpa etdi. 8 noyabr tarixi bütün Qafqaz regionu üçün dirçəlişdir. Səfir vurğulayıb ki, erməni işğalı dövründə Qarabağ regionu yerlə-yeksan edilib. Kəndlər, şəhərlər yer üzündən silinib, çaylar, sular çirkləndirilib, torpaq zəhərlənib, meşələr yandırılıb, qəbiristanlıqlar vandalizmə məruz qalıb. Bütün mədəni, dini irs abidələri məhv edilib. Bu gün Azərbaycan dövlət başçısının rəhbərliyi altında ölkəmiz bütün bu ərazilərin yenidən tikintisinə başlayıb. Regionda bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Məhz buna görə bu tarix Qarabağın yenidən yaranması, dirçəlməsidir.

Münaqişədən əvvəl bu ərazilərdə yaşamış müxtəlif etnik qrupların nümayəndələri yenidən birgə mehriban yaşayacaq. Bu regionda erməni işğalçıları tərəfindən məhv edilən multikultural mühit yenidən bərpa ediləcək.

R.Mustafayev Zəfər Gününün bütün Qafqaz regionu üçün vacib tarix olduğunu vurğulayıb. Ölkəmizin mövqeyindən söz açıb.

Səfir Azərbaycan musiqisi, eləcə də Əməkdar artist, pianoçu İsfar Sarabski haqqında məlumat verib.

Sonra İsfar Sarabski kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşın müşayiəti ilə “Planet” albomundakı musiqiləri səsləndirib. İ.Sarabski Qarabağa dair bəstələdiyi musiqini səsləndirməklə, dinləyicilərin diqqətini bir daha Azərbaycanın Qarabağda qazandığı qələbəyə yönəldib.

Azərbaycanlı pianoçunun ifası fransız dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Xatırladaq ki, İsfar Sarabski oktyabrın 16-dan noyabrın 10-dək davam edəcək Avropa turnesindədir.

Tədbirdə bir çox ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatları, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, eləcə də Fransadakı diplomatlarımız, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.