Dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən 28 May – Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında ifadə edilən fikirlərdə Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olması, regionun lider dövləti olaraq bir sıra mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınması, səmərəli tərəfdaşlıq münasibətləri ilə beynəlxalq güclər sistemində özünə layiqli yer tutması diqqətə çatdırılır. Bütün bunlarla yanaşı, respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi önə çəkilir, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində uğurlu səyləri yüksək qiymətləndirilir.

Təbrik məktublarında ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfədən bəhs edilir. Bu zaman Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə yönəltdiyi 20 illik dəstək də dəyərləndirilərək, xüsusi vurğulanır.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq Qələbə ilə regionda yaranan yeni reallıq nəticəsində dünyanın siyasi xəritəsində öz status və rolunu xeyli dərəcədə artırıb. Bu, ABŞ, Çin və Rusiya kimi supergüclərin respublikamıza olan münasibətlərində, həmin ölkələrin rəhbərlərinin dövlətimizin başçısına yanaşmalarında öz müsbət ifadəsini tapıb. “Əvvəlcə diqqəti ABŞ Prezidenti Cozef Baydenin məktubundan bir neçə məqama yönəltməyi zəruri sayıram. Belə ki, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda ölkəsi ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq münasibətlərinin dinamik inkişafı nəticəsində indiki mərhələyə daxil olduğu, təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində tərəflər arasında mühüm uğurlar əldə edildiyi qeyd olunub”, – deyə R.Mahmudov əlavə edib.

Səmərəli və tarixi önəm daşıyan fəaliyyətlər sırasında ötən il Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, bununla da Azərbaycanın Avropanın enerji şaxələndirilməsində yaxından iştirak etməsi, eyni zamanda, bu il Xəzərdəki “Dostluq” yatağının Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair müzakirələrin müsbət sonluqla yekunlaşaraq, Anlaşma Memorandumun imzalanmasına diqqət yönəldilib.

Rəşad Mahmudovun sözlərinə görə, ABŞ Prezidentinin məktubunda yüksək qiymətləndirilən nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən önəmli təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu, Avropa İttifaqı üçün prioritet enerji layihələri sırasında xüsusi yer tutur. Digər tərəfdən, ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirməsi ilə diqqət çəkir. Bütün bunlarla bərabər, Cənub Qaz Dəhlizinin işə salınması Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə olaraq tarixi bir addımdır. Ümumiyyətlə, bu layihə Azərbaycanın təbii qazının Avropa üçün uzunmüddətli əhəmiyyətli mənbə olmasının, ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasının təsdiqidir.

ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanan təbrik məktubunda diqqətçəkən başqa bir məqam isə dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rolla əlaqədardır. Bu amil ABŞ-ın siyasi rəhbərliyi tərəfindən yüksək dəyərləndirilir. Məktubda, həmçinin Prezident Cozef Baydenin Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlıq bildirməsi isə bu ölkənin respublikamızla mövcud istiqamətdəki səmərəli əməkdaşlığından xəbər verir.

Rəşad Mahmudov qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubu da Azərbaycan-Çin əməkdaşlığının getdikcə dərinləşərək, indiki yeni inkişaf mərhələsinə çatmasının parlaq ifadəsidir. Məktubda Azərbaycan-Çin ikitərəfli münasibətlərində fəal inkişaf dinamikasının müşahidə olunması, ölkələrimizin tərəflərin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsi xüsusi vurğulanır. Eyni zamanda, “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə Azərbaycan-Çin arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi diqqətə çatdırılır.

Yeri gəlmişkən, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Dünyanın ən böyük ixracatçı və ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub.

Rusiya, İran, İtaliya prezidentləri Vladimir Putin, Həsən Ruhani və Sercio Mattarella, dünyanın digər aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında da ölkəmizin dünya arenasında yüksək nüfuz qazanması, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynaması, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı nəzərəçarpan uğurlar əldə etməsi öz ifadəsini tapıb. Bütün bu dəyərləndirilmələr isə təbii ki, Prezident İlham Əliyevin son dərəcə uğurlu siyasətinə, səmərəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.