Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Nyu-Yorkda yaşayan soydaşımız Telman Cəlilin təşəbbüsü ilə “Turan” adlı musiqi ansamblı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, Telman Cəlil ansamblın yaradılmasında başlıca məqsədin Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və təbliğ etmək, ölkələrimiz arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirmək olduğunu qeyd edib: “Eyni zamanda, “Turan” ansamblı maarifçilik missiyasını da yerinə yetirmək niyyətindədir. Ansamblın üzvləri Azərbaycanın xalq musiqisinə marağı olanlar üçün dərslər də təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Telman Cəlil həm də 2012-ci ildə Nyu-Yorkda təsis edilmiş “Azərbaycan Mədəniyyət Mərkəzi”nin (“Azerbaijan Cultural Center NY” – ACCNY) rəhbəridir.