Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Rusiya Dövlət Akademik Böyük Teatrının baş direktoru Vladimir Urin arasında videokonfrans formatında görüş keçirilib.

Saraydan Elitinfo.az-a bildirilib ki, Ramil Qasımov Azərbaycan və Rusiya mədəni əlaqələrinin əhəmiyyətindən danışıb, iki ölkə arasında mövcud qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də artan xətt üzrə inkişaf etdiyini və daha da möhkəmləndiyini vurğulayıb. Eyni zamanda, gələcəkdə Heydər Əliyev Sarayı və Böyük Teatrın qarşılıqlı əməkdaşlıq etməsinin mühüm olduğunu bildirib. O, vaxtilə Sarayda dünyaca məşhur “Məhəbbət əfsanəsi”, “Min bir gecə” baletlərinin, “İntizar”, “Toska” operalarının səhnələşdirildiyini xatırladaraq, 2022-2023-cü illərdə Böyük Teatrın truppasının Azərbaycana qastrol səfəri etməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Dövlət Akademik Böyük Teatrının baş direktoru Vladimir Urin öz növbəsində tanışlığa görə məmnunluğunu bildirib. Qeyd olunan məsələyə ciddi baxılacağını və qısa zamanda hansı tamaşaların burada nümayiş etdirilməsini təklif edəcəyini diqqətə çatdırıb.

Ramil Qasımov, həmçinin ideya müəllifi olduğu Azərbaycan Vokalçılar Festivalına toxunaraq bildirib ki, bu festival Azərbaycanda ilk dəfə ötən il pandemiyadan öncə keçirilib. Cari ildə 12-24 dekabr tarixlərində II Beynəlxalq Vokalçılar Festivalının keçirilməsinin nəzərdə tutulduğunu və Böyük Teatrın səhnəsində çalışan vokalçıları bu festivalda iştirak etmək üçün dəvət edib.

Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, Böyük Teatr Rusiya dövlətinin və mədəniyyətinin əsas simvollarından biridir. Bu teatr ölkənin musiqi sənətinin inkişafına töhfə verən, rus ənənələrinin daşıyıcısı olan əsas milli teatrdır, həmçinin dünya musiqi mədəniyyətinin mərkəzidir.