Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərindəndir. Əcdadlarımız burada çox dəyərli maddi mədəniyyət nümunələri yaradıblar. Bu tarix və mədəniyyət abidələri xalqımızın minilliklərboyu bu torpaqlarda yaşadığını sübut edən qiymətli yadigarlardır.

Elitinfo.az  xəbər verir ki, bu gün Naxçıvanın tarixi abidələri geniş tədqiq edilir, onların bərpasına və qorunmasına xüsusi diqqət yetirilir. Elmi tədqiqatlar bir daha sübut edir ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani qədim diyarda böyük memarlıq məktəbi yaradıb, naxçıvanlı memarlar dünya mədəniyyətinə gözəl nümunələr bəxş ediblər. Bu memarlıq məktəbi Şərq memarlıq sənətinə də böyük təsir göstərib. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayadakı qayaüstü rəsmlər, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələr, piktoqrafik yazılar ilkin insan təfəkkürünün, estetik baxışlarının, dünyagörüşünün, təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir.

Bu gün Naxçıvanda 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb, 70-dən artıq abidəyə ikinci həyat verilib. Təkcə iki il ərzində Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü, Yusif Küseyir oğlu türbəsi bərpa olunub. Bundan başqa, son illərdə qədim diyarda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa edilərək istifadəyə verilib.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.