Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə həsr olunmuş video konfrans şəklində müşavirəsi keçirildi. Müşavirədə hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edildi. Prezidentin sədrlik etdiyi ənənəvi rüblük və illik yığıncaqlardan fərqli olaraq, bu müşavirə Azərbaycanın da qarşılaşdığı qlobal problem, koronavirus pandemiyası fonunda keçirildi. Bu gün statistikaya görə, dünyada 2 milyona yaxın insan bu xəstəliyə yoluxub (orta hesabla 1 milyon nəfərə 260 nəfərdən çox yoluxmuş insan), təxminən 125 min insan xəstəlikdən vəfat edib (yoluxmuşların ümumi sayının 6,25 faizi). Azərbaycanda isə 1200-dən çox insan (orta hesabla 1 milyon nəfərə təxminən 120 nəfər yoluxmuş insan) bu xəstəliyə yoluxub, 15 nəfər (yoluxmuşların ümumi sayının 1,25 faizi) xəstəlikdən vəfat edib. Göstəricilərdəki fərq göz qabağındadır.

Elitinfo.az  xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O qeyd edib ki, müşavirə zamanı koronavirus mövzusuna toxunmamaq mümkün deyildi. Təəssüf ki, bu mövzu son vaxtlar ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının bir hissəsinə çevrilib. Son 3 ay ərzində hökumət tərəfindən çox işlər görülüb, addımlar atılıb. Prezident İlham Əliyev çıxışı zamanı görülən tədbirlər, xüsusən də koronavirus ilə mübarizə sahəsində aparılan işlər barəsində vacib məqamları diqqətə çatdırdı.

Beləliklə, koronavirusun yayılması ilə mübarizə sahəsində təqdim olunan əsas məqamlara diqqət çəkmək istərdim:

– Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı.

Prezident vəziyyəti şəxsi nəzarəti altına alıb. Funksional və ixtisaslaşmış sahələrinə görə müvafiq dövlət qurumları tam olaraq səfərbər olunub.

– Koronavirusla mübarizə üçün bütün addımlar düzgün istiqamətdə atıldı.

Alınan qərarlar mütərəqqi, əsaslandırılmış, adekvat, vaxtında və ən əsası kommunikasiya baxımından insanlara aydın, çevik bir şəkildə çatdırılır.

– Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır.

Qəbul edilmiş qərarlarla razılaşmaq və ya razılaşmamaq mümkündür. Adi halda hər bir qərar ayrıca müzakirə mövzusu ola bilər. Ancaq, krizis idarəetməsi və qlobal pandemiya dövründə prioritet başqadır – insanların sağlamlığı və həyatı. Prezident hər kəsi özünə və başqalarına qayğı göstərməyə çağırır. “Oyunun qaydaları” çox sadədir – qərarlara əməl etmək, özünüzə, başqalarına, həkimlərə və dövlətə kömək etmək. Əgər qaydalar pozulursa, cəzalanacaqsınız. Bütün bunlar hər bir insanın həyatı və sağlamlığı naminədir!

– Koronavirusla mübarizə üçün növbəti addımlar vəziyyətdən asılı olaraq atılacaq.

-Karantin qaydalarını süni şəkildə sərtləşdirmək kimi planlar yoxdur, lakin, hər şeyin ən qısa müddətdə tamamlanacağı da dəqiq deyil. Qərarlar alınan məlumat və statistik göstəricilərdən asılı olaraq qəbul ediləcək. Hadisələrin necə dəyişəcəyini bizə zaman göstərəcək.

– Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür.

Prezident açıq şəkildə bildirdi ki, hökumət yumşalma addımlarının atılmasında maraqlıdır. Lakin, bunun üçün müvafiq əsaslar olmalıdır. Sevindirici haldır ki, son günlərin rəqəmləri atılan addımların bəhrəsini verdiyini göstərir. Hazırki rəqəmlər vəziyyətin nəzarətə götürüldüyünü və düzgün qərarların verildiyini bir daha sübut edir. Lakin, bu, insanları arxayın salmamalıdır. Hələ ki, ilkin göstəricilər müsbətdir və bunun bir tendensiya halına çevrilməsi vacibdir.

Şahin Seyidzadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qlobal pandemiyanın ölkəmizdə yayılmasını nəzarət altına ala bilib. Birinci mərhələdə, “dövlətin təhlükəsizliyinin təmin edilməsinə, milli genofondun, insanların sağlamlığının və həyatının qorunmasına” yönəlmiş tədbirlər mərhələsi uğurla həyata keçirilib. İndi isə, ikinci mərhələ – “qısamüddətli zərərlərin təhlili, uzunmüddətli itkilərin minimuma endirilməsi və əhalinin müəyyən qruplarının diqqətdə saxlanılması və dəstək olunması” mərhələsi başlanıb.