İstiqamət: Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri.

Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunması gömrük keçid məntəqələrindən başlanır. Gömrük orqanlarının əməkdaşlarının səmərəli fəaliyyəti, qanunvericiliyin tələblərinə sərt şəkildə nəzarət etməsi nəticəsində ölkədə həm milli sahibkarların hüquqları qorunur, həm də xaricdən Azərbaycana əhalinin sağlamlığı üçün zərərli, təhlükəli məhsulların gətirilməsinin qarşısı alınır.

Ölkəmizin qonşu dövlətlərlə – Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhədlərində yerləşən sərhəd keçid məntəqədəki gömrük postlarının, eləcədə hava və dəniz limanlarındakı gömrük postlarının da əsas vəzifəsi məhz xaricdən Azərbaycana gətirilən bütün malların, nəqliyyat vasitələrinin, şəxslərin yoxlamadan keçirilməsini təmin etmək, qaçaqmalçılığın qarşısını almaqdır. Daha dəqiqi dövlətin iqtisadi təhlükəsizliyini təmin etməkdir. Bütün qonşu dövlətlərlə neytral zonanın bitdiyi yerdə Azərbaycan gömrükçülərinin işi başlayır.

İdxal-ixrac əməliyyatlarının şəffaflıq təmin olunub, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib

Buna görə də gömrük sərhəd buraxılış məntəqələrində,eləcə də hava və dəniz limanlarındakı gömrük postlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları fasiləsiz olaraq işləyir, həftənin yeddi günü 24 saat əhaliyə, fiziki və hüquqi şəxslərə xidmət göstərirlər. Gömrük əməkdaşları bununla həm idxal-ixrac əməliyyatlarının fasiləsizliyini təmin edirlər, həm əhalinin qanunvericiliyin tələblərinə uyğun xarici ölkələrə gedib gəlməsinə şərait yaradırlar, həm də başqa ölkələrdən Azərbaycana qadağan olunmuş malların daxil olmasının qarşısını alırlar. Vətəndaşlarımızın rahatlığının, təhlükəsizliyinin və sağlamlığının keşiyində durmağa öz peşə borcları kimi yanaşan gömrük əməkdaşlarının sayıqlığı ölkəmizin həm də Azərbaycana dost olmayan xarici qüvvələrin təsirlərindən qorunmasında mühüm əhəmiyyət daşıyır.

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və tapşırıqları əsasında Gömrük Komitəsində həyata keçirilən islahatlar, gömrük postlarının yenidən qurulması, maddi-texniki bazasının daha da yaxşlaşdırılması gömrük sərhəd buraxılış məntəqələrində istər vətəndaşların, istərsə də sahibkarların maksimum rahatlığının təmin olunmasına şərait yaradıb. Şəffaflığın təmin edilməsi məqsədi ilə gömrük postlarında əməliiyatların əksəriyyəti avtomatlaşdırılıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinis sədri Səfər Mehdiyevin verdiyi məlumata əsasən, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.
Son bir ildə xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilib, idxal-ixrac əməliyyatlarının şəffaflıq təmin olunub, gömrük xidməti mədəniyyətinin yüksəldilib. Bunun nəticəsində gömrük postlarında qeydiyyat prosedurları asanlaşdırılıb.
Bu vətəndaşlarımızın və iş adamlarımızın məmunluğuna səbəb olsa da, bundan istifadə etməyə çalışanlar da var. Belə ki, gömrük postlarından müafiq rüsumları ödəmədən ölkəyə mal keçirməyə, Azərbaycana gətirilməsi qadağan olan məhsulları sərhədlərimizdən keçirməyə çalışan iş adamları və vətəndaşlara da rast gəlinir. Bunun qarşısını almaq üçün ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Son illər gömrükdə hüquq pozuntularına qarşı həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir.

Gömrük sərhədlərinin müdafiəsi üçün mükəmməl hüquqi baza yaradılıb, Dövlət Gömrük Komitəsinin strukturu təkmiləşdirilib

Gömrük sərhədlərinin müdafiəsi və qaçaqmalçılıq hallarının qarşısının alınması üçün mükəmməl hüquqi baza yaradılıb. Ötən illər ərzində gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən işlər görülüb.

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli, 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 918 nömrəli Fərmanının icrası ilə əlaqədar mövcud normativ-hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb. Həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan yaradıb.

DGK əməkdaşları Gömrük Məcəlləsinin müafiq bəndlərinə uyğun olaraq, qadağan olan malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını alırlar.
“Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında” Beynəlxalq Konvensiyanın müddalarından da istifadə olunur. Konvensiyanı imzalayan ölkələr gömrük qanunvericiliyinin pozulmasının dövlətlərin iqtisadi, ictimai və maliyyə maraqlarına və ticarətin hüquqi maraqlarına ziyan vurduğunu nəzərə alaraq, gömrük qanunvericiliyinin pozulmasına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlibər. Bu da öz növbəsində beynəlxaq cinayətlərin, hüquqpozamaların qarşısının alınmasında mühüm addımlardan biridir.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin strukturu təkmiləşdirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb.
O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsi, Gömrük Sərhəd Buraxlış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi yaradılıb və bu qurumlar yeni əsasnamələrlə funksiya və vəzifələrinin icrasına başlayıblar.

Gömrük orqanlarının qanun pozuntularına qarşı sərt mübarizəsinin bir illik statistikası

DGK-da həyata keçirilən islahatlar nəticəsində qanun pozuntularına qarşı sərt mübarizə aparılıb. Dövlət Gömrük Komitəsinis sədri Səfər Mehdiyevin verdiyi məlumata əsasən, 2018-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
S. Mehdiyev qeyd edib ki, cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək.

Qaçaqmalçılığın qarşısının alınması üçün gömrük orqanlarında texnoloji yeniliklər tətbiq edilir

Qeyd edək ki, qanun pozuntularının və qaçaqmalçılığın qarşısının alınması üçün gömrük orqanları həm də bir çox texnoloji yeniliklər tətbiq edirlər. Bunlardan biri kimi, interaktiv nəzarətə imkan verən GPS sistemini xüsusi vurğulamaq lazımdır. Belə ki, Azərbaycan ərazisinə keçən bütün yük avtomobillərinə xüsusi elektron kilidlər – GPS-lər bağlanır. Həmin GPS-lərin 3 açarı olir. Onlardan biri kilidin vurulduğu gömrük postunda, digəri nəqliyyat vasitəsinin təyinat üzrə gedəcəyi postda, üçüncü isə ehtiyat olaraq saxlanılır. Bununla da gömrükçülər ölkə ərazinə keçən avtomobillərin istənilən vaxt harada olduğunu müəyyən edə bilirlər. Əgər avtomobil təyinatı üzrə yoluna davam etməzsə, trayektoriyasından 150 metrkənara çıxarsa, müvafiq gömrük postuna dərhal məlumat verilir.


DGK Gömrük Nəzarəti Baş İdarəsinin əməkdaşlarının verdiyi məlumata görə, qanun pozuntuları daha çox çəki məsələsində, elektronika mallarının keçirilməsində və nəğd pul limitinin aşılmasında özünü göstərir. Gömrük orqanlarının əməkdaşları belə hüquq pozmalarının qarşısını almaq üçün ciddi iş aparırlar, vətəndaşın gəlib keçmə tezliyinə baxılır, risk meyarları müəyyən olunur və bunun əsasında tədbir görülür.
Gömrük Komitəsinin Səfər Mehdiyevin dediyi kimi, ötən dövr ərzində gömrük xidməti olaraq bizim üçün ən önəmlisi xarici ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət iştirakçıları tərəfindən ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin düzgün və real dəyərlə bəyan olunmamasıdır. Lakin tərəfimizdən qanunun aliliyi əsas götürülərək beynəlxalq prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları, idxal mallarına münasibətdə qiymətləndirmə metodları düzgün tətbiq olunur və daxili bazarda rəqabətliliyin qorunması təmin edilir.

Gülşən Qarabağlı
Elitinfo. az

Məqalə “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.