“Soydaşlarımızın Qərbi Azərbaycana qayıtması regionda sülhün bərqərar olunmasında mühüm rol oynayacaq”

Elitinfo.az  xəbər veriri ki, bunu yerli mətbuata  açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasının əsas vəzifəsi son 200 ildə tarixi torpaqlarımızdan qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsini təşkil etməkdir:

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu insanların həmin torpaqlara beynəlxalq hüquqa uyğun olaraq dinc yolla qayıtmasının təminatını vermək üçün nəzərdə tutulub. Sözügedən sənədi Qərbi Azərbaycana qayıdışın çərçivə sənədi hesab etmək olar və sənəd 5 bölmədən, eyni zamanda 10 yarım bölmədən ibarətdir. Bu sənəddəki bütün müddəalar qaçqınların öz ata-baba yurdlarına qayıtması ilə əlaqədar beynəlxalq konvensiyalara, beynəlxalq protokollara, həmçinin insan hüquqları ilə bağlı sənədlərə istinad olunaraq hazırlanıb”.

Qayıdış Konsepsiyasında soydaşlarımızın həmin ərazilərə qayıdışına beynəlxalq səviyyədə təhlükəsizlik təminatı verilməsinin əsas tələb kimi qoyulduğunu deyən qurum sədri bildirib ki, ermənilər son 200 ildə xalqımıza qarşı o qədər cinayətlər törədiblər ki, bizim Ermənistan tərəfinin həmin torpaqlara qayıdacaq azərbaycanlılara qarşı hər hansı bir neqativ hərəkət etməyəcəyinə təminatımız yoxdur:

“Hesab edirik ki, Qərbi Azərbaycana qayıtmazdan öncə Azərbaycan dövlətinə yaxın olan, etibar etdiyimiz dövlətlər beynəlxalq missiya göndərməli və ora qayıdan insanlarımızın təhlükəsizliyinə təminat verilməlidir”.

“Sənəddə Qərbi Azərbaycana qayıdacaq insanlarımızın dislokasiya məsələsi də xüsusi yer tutur. Çünki soydaşlarımız dönərkən öz kəndlərinə, öz ata-baba evlərinə qayıtmaq istəyəcəklər. Hansı ki, həmin yaşayış məntəqələrinin böyük əksəriyyəti bu gün boşdur və insanlar həmin yerlərə gedib rahatlıqla yaşaya bilərlər. Lakin Ermənistan dövləti də buna təminat verməlidir. Düşünürəm ki, regionda sülhün bərqərar olunması üçün 1987-1991-ci illərdən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtması mühüm rol oynayacaq. Bu birgə etimada əsaslanan addım hesab oluna bilər”-, o, vurğulayıb.

Ə.Ələkbərli bildirib ki, Qayıdış Konsepsiyasının Tədbirlər Planı konkret fəaliyyət sənədi olacaq:

“Azərbaycanlıların həmin torpaqlara qayıdışı ilə yanaşı son 200 ildə Ermənistan tərəfindən onlara qarşı törədilən cinayətlər gün üzünə çıxarılacaq. Bu müddət ərzində ermənilər əcdadlarımızın min illər boyu həmin ərazilərdə qurub-yaratdığı mədəni irsi ya erməniləşdirib, ya da yer üzündən birdəfəlik siliblər. Bu abidələrin hər birinin qeydiyyatı aparılacaq. Dəyişdirilən bütün toponimlərimizin öz tarixi adlarına qaytarılması və mədəni irsimizə qarşı törədilən cinayətlərin beynəlxalq müstəviyə çıxarılması məsələsi həmin tədbirlər planında detalları ilə öz əksini tapacaq”.

 

Rahilə İbrahimqızı