Uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Gənclər üçün Təhsil Mərkəzi(GTM) Qarabağ regional ofisinin təşəbbüsü ilə Ağcabədi rayonunda III Qarabağ Regional Uşaq Forumu keçirilib.

Eitinfo.az verir ki, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbində keçirilən III Qarabağ Regional Uşaq Forumu fərqli bir ab-havada, Zəfər sevinci, qürur və fərəh dolu hisslərlə baş tutub. Forumda valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, həssas təbəqədən olan, xüsusilə də qaçqın və məcburi köçkün, şəhid və qazi ailələrinin övladlarının iştirakına xüsusi önəm verilib.

Əvvəlcə foyedə təşkil edilmiş sərgiyə baxış keçirilib, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin hazırladığı uşaq hüquqlarından bəhs edən səhnəcik nümayiş olunub.

Forumun rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı forumun Qarabağ regionunda keçirilməsinin önəmini vurğulayaraq Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Günel Kərimova da uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Tədbirin rəsmi hissəsindən sonra Uşaq İncəsənət Məktəbinin, Qarabağ Muğam Mərkəzinin, Ağcabədi şəhər 1, 5, 11 saylı tam orta məktəblərin, 2 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında rəqs və musiqi nömrələri və “Mən və mənim hüquqlarım” maarifləndirici kompozisiyası nümayiş etdirilib.