27 Sentyabr – Anım Günü ilə əlaqədar Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən Azərbaycan Evində tədbir keçirilib. Tədbirdə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elitinfo.az xəbər verir ki, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən, hərbçilərimizin mübarizliyindən danışıb.

Sonra Macarıstanda yaşayan və təhsil alan azərbaycanlı gənclər şəhidlərə həsr olunan şeirlər söyləyib və musiqilər ifa ediblər.

Tədbir Ermənistanın son həftələrdə Azərbaycanla sərhəddə törətdiyi təxribatlar haqqında yerli icma üzvləri arasında müzakirələrin aparılması ilə yekunlaşıb.

Pərvanə Qarayeva