Abonentlərə göstərilən xidmətin qiymətləndirilməsi və müştəri məmnunluğunun yoxlanılması məqsədilə “Azəriqaz” İB və “QBS Consulting” MMC arasında sorğu keçirilməsinə dair müqavilə imzalanıb.

İB-dən Elitinfo/az-a bildirilib ki, respondentlərin 75 faizini kişilər, 25 faizini isə qadınlar təşkil edir. Yaş qruplarına görə bölgüdə əsas hissə 30-49 yaş aralığında olan abonentlərdən ibarətdir. Bakı şəhərində respondentler arasında qadınların xüsusi çəkisi (28 faiz) regionlara (18 faiz) nisbətən yüksəkdir.

Verilən hesabat abonentlərin “Azəriqaz”ın fəaliyyətini ümumilikdə necə qiymətləndirmələri, eləcə də Asan Xidmət və “Asan Kommunal” mərkəzlərində göstərdiyi xidmətlərdən, “104-185” Çağrı mərkəzlərinin fəaliyyətindən məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilmiş sorğunun nəticələrini əks etdirir.

Sorğu “Azəriqaz” abonentləri arasından təsadüfi qaydada seçilmiş 1870 nəfərlə telefon vasitəsilə, habelə ictimai yerlərdə 210 nəfərlə üzbəüz formada olmaqla ümumilikdə 2080 nəfərlə aparılıb. İctimai yerlərdə keçirilmiş 210 sorğunun 136-sı Bakı şəhərinin, 40-ı Gəncə şəhərinin, 34-ü isə Şamaxı rayonunun payına düşüb.

Həmçinin Bakı şəhərində yerləşən 3 “Asan Kommunal” mərkəzində göstərilən xidmətlərin yerində qiymətləndirilməsi məqsədilə bu mərkəzlərdə “gizli müştəri” qismində müşahidələr aparılıb.