Gənclər və idman naziri Fərid Qayıbov üzgüçülük üzrə gənclər arasında Avropa çempionatının bürünc medalçısı Ramil Vəlizadə və Ümumdünya Oyunlarının kikboksinq yarışlarının qalibi Bəhram Rəcəbzadə ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, F.Qayıbov hər iki idmançını uğurlu çıxışları münasibətilə təbrik edib. Nazir qeyd edib ki, Azərbaycanın üzgüçülük idmanı tarixində ilk dəfə qitə çempionatı medalının qazanılması böyük nailiyyətdir. B.Rəcəbzadənin Ümumdünya Oyunlarında qızıl medal qazanmasının da böyük uğur olduğunu bildirən nazir hər iki idmançını təbrik edib və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlıq edən idmançılar qazandıqları uğur və yarışlara hazırlıq prosesi barədə məlumat veriblər. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov qarşıdakı yarışlar və əsas hədəflər barədə məlumat verib.