Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucularla birlikdə Tovuz döyüşlərində qəhrəmancasına həlak olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevə həsr edilmiş “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı tədbir keçirib.

Baş İdarədən Elitinfo.az-a bildirilib ki, filialın müdiri Türkinaz İsmayılova Polad Həşimov haqqında məlumat verərək, Tovuz döyüşlərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını qeyd edib: “Tovuz döyüşlərində ordumuzun əsgər və yüksəkrütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə alıblar. Döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mərd və vətənsevər oğulların qanları yerdə qalmayıb, qisasları alınıb. Ali Baş Komandan, Prezident İlham Əliyev həmin günlər bir daha bildirib: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”. Erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksələn general-mayor Polad Həşimovun timsalında bütün şəhid övladlarımız xalqımız tərəfindən daim xatırlanacaq”, – deyə filialın müdiri əlavə edib.

Şöbə müdiri Elmira Məmmədova polkovnik İlqar Mirzəyev haqqında danışaraq qeyd edib ki, tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək, iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub: “Düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində Polad Həşimovla birgə polkovnik İlqar Mirzəyev də ön xətdə şəhidlik zirvəsinə ucalıb. Onların həyatı, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq, hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.