ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin” , “Мasdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə 16-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.

Elitinfo.az xəbər verir ki, açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, İnkişaf və Diplomatiya İnstitutunun direktoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, IDD-nin direktor müavini Aygün Hacıyeva, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Səfir Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən etibarən hər il keçirildiyini xatırladıb. Rektor bildirib ki, builki yay məktəbi çərçivəsində əsas diqqət bərpa olunan enerji mənbələrinə yönəldiləcək. Bu tədbir xarici iştirakçıların Azərbaycanın enerji siyasəti barədə daha çox məlumat əldə etməsi üçün bir imkandır.

Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.

Proqram çərçivəsində iştirakçılara həm enerji, həm də ətraf mühitlə bağlı geniş məlumat təqdim olunub. Bunlar enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla geniş mövzuları əhatə edir. Bakı Yay Enerji Məktəbinin müəllim və məruzəçiləri akademiya, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləridirlər.

Builki Bakı Yay Enerji Məktəbinə 13 ölkəni təmsil edən 43 iştirakçı seçilib. Proqramda enerji şirkətlərinin kiçik və orta mütəxəssisləri, müxtəlif dövlət qurumlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri və dövlət qulluqçuları, habelə enerji və ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və aspirantlar iştirak edirlər.

Proqramı bitirən iştirakçılara ADA Universitetinin rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.