Mart soyqırımı 1918-ci ildə 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Qarabağ, Naxçıvan ərazilərində Bakı Soveti, S.Şaumyanın rəhbərliyi və təşkilatçılığı, Daşnakstyun partiyasından olan silahlı dəstələrin Andranik Ozanyanın başçılığı ilə erməni-bolşevik quldur dəstələrinin Azərbaycan xalqına, türk-müsəlmanlara, digər etnik azlıqlara qarşı törətdiyi tarixi bir cinayətdir. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə bu məşum tarix “31 mart azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.

Bu münasibətlə 28 mart tarixində Azərbaycan Dillər Universitetində ADU Multikulturalizm Mərkəzinin və ADU YAP İlk ərazi təşkilatının rəhbərliyi ilə “31 mart soyqırımı – 1918” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ADU-nun rektoru akademik Kamal Abdulla iştirak edib.

ADU Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə baş tutan konfransda AMEA A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Cəbi Bəhrəmov “Azərbaycan xalqına qarşı 1918-cı il mart soyqırımı cinayətləri: tarix və müasir dövr”, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov “31 mart soyqırımının yekunları və nəticələr”, ADU Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “1918-ci il mart soyqırımı: səbəblər və nəticələr”, ADU Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart soyqırımının dünyada tanıdılması istiqamətində problemlər və prespektivlər” mövzusunda məruzələrlə çıxış edib.

Konfransa Türkiyə təmsilçiləri də qoşulmuşdur. Distansion qaydada Türkiyə Respublikası Tarrus Universiteti Bəşəri və ictimai elmlər fakültəsinin dekanı milli soyqırımlar multikultural dəyərlərə qarşı, tarixçi Dr. Qiyas Şüküroğlu “Mart hadisələri Osmanlı kamuoyuna yansımaları”, ADU Türkiyə Araşdırmaları Mərkəzinin müdiri f.ü.f.d. Aynur Babaşova Beşkonak soyqırımların tarixi kökləri mövzularında çıxış ediblər. Türkiyəli jurnalist Zeynep Batimor soyqırımların ictimai-siyasi səbəblərini qabardıb, Xocalı soyqırımına həsr etdiyi kitabın yazılma tarixindən danışıb.

Konfrans sual-cavab və diskusiya ilə davam edib.