Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzində “25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” mövzusunda tədbir keçirilib.

Elitinfo.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək iştirakçılara Kəlbəcərin işğaldan azad olunduğu gün münasibətilə təbriklərini çatdırıb. O, Zəfərimizdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində hər kəsə uğurlar arzulayıb.

Bahar Muradova qeyd edib ki, qadınlara və qızlara qarşı hüquq pozuntusu bütün dünyanın üzləşdiyi ən ciddi problemlərdən biridir. Bu istiqamətdə beynəlxalq və milli qanunvericilik kifayət qədər təkmilləşib. Beynəlxalq və milli imkanlarımızı birləşdirərək buna qarşı mübarizə apara, qarşımıza çıxan çağırışları önləyə bilərik. O, həmçinin Azərbaycanda bu sahədə xeyli işin görüldüyünü söyləyib. Deyib ki, bu məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirilib. Həmin layihələrin reallaşması nəticəsində ölkəmizdə bu istiqamətdə ciddi uğurlara imza atılıb.

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayonunda sözügedən sahədə mövcud vəziyyət barədə məlumat verib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib ki, təşkilat artıq uzun illərdir ölkədə gender bərabərliyi sahəsindəki problemlərlə mübarizə aparıb, əhalinin, xüsusən də gənclərin hüquqlarının təmin edilməsi üzrə təşəbbüslər irəli sürüb. Bu baxımdan, qadınlara qarşı zorakılıqla mübarizəyə dair əldə edilən uğurlar və bu istiqamətdə qurulan əməkdaşlıq xüsusilə təqdirəlayiqdir. Məişət zorakılığı ilə mübarizə üçün hazırlanan Fəaliyyət Planı bu istiqamətdə uğurlu işlərin əsası oldu. Lakin qarşıda hələ görüləcək çox işin olduğunu bildirən Fərid Babayev deyib: “Mövcud problemlərin aradan qaldırılması üçün birgə mübarizə aparılmalıdır. Ölkə əhalisi arasında zorakılığın mənfi nəticələri barədə genişmiqyaslı məlumatlandırma tədbirləri davamlı şəkildə keçirilməlidir. Qadına qarşı zorakılığın özünə və ailəsinə, eləcə də cəmiyyətə və ölkəyə vurduğu zərəri nəzərə alaraq bu zorakılıq pandemiyası ilə mübarizədə bizə dəstək verilməsinə çağırış edirik”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planından söz açıb. Bildirib ki, zorakılıqla bağlı Fəaliyyət Planı çox vacib sənəddir. Fəaliyyət Planına əsasən, bir çox qurumun birgə işlədiyini söyləyən nazir müavini qarşıya konkret tapşırıqların qoyulduğunu deyib. O, həmçinin Fəaliyyət Planının faydalarından danışıb. Növbəti iki il ərzində də gözlənilən nəticələrin qazanılacağına əminliyini ifadə edib.

Sonra ekspert Abil Bayramov “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Azərbaycancan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında araşdırma” və “Məişət zorakılığından zərər çəkmiş şəxslərin məhkəməyə çıxış imkanları: Mövcud vəziyyət və onun təkmilləşdirməsi istiqamətləri” mövzusunda təhlillərə dair təqdimat edib. Bildirib ki, qadınların zorakılıq halları ilə bağlı sorğuya cəlb edilmişlər arasında 21-35 yaş arasında olanların zorakılıq hallarına daha çox rast gəlinir. Onların göstəricisi 62 faiz, 20 yaşdan aşağı olanların göstəricisi 4 faiz, 36-50 arası olanlar 30 faiz, 51-70 yaş arası isə 4 faizdir. Cinsi mənsubiyyət üzrə məişət zorakılığına daha çox qadınlar məruz qalır. Zorakılığa məruz qalanların 92 faizini qadınlar, 8 faizini kişilər təşkil edir.

Daha sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Saleh Hacıyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı-Əsgərli ölkəmizdə bu sahədə görülən tədbirlərdən danışıblar.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.