Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri QHT-lərlə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşlərini davam etdirirlər.

Elitinfo.az  xəbər verir ki, iyulun 2-də Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev əlaqələndirici olduğu sosial və iqtisadi istiqamətlər üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə “Zoom” üzərindən görüşlər keçirib.

Görüşlərdə çıxış edən Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, strategiyası, gələcək planları və QHT-lərlə əməkdaşlığın perspektivləri haqqında fikirlərini bildirib. Sonra N.Mehdiyev qeyd edilən sahələrdə fəaliyyət göstərən təşkilatların mövcud vəziyyətləri, ortaya çıxan problemlər, Agentliklə əməkdaşlıq haqqında fikirlərini bölüşüb, gələcəkdə elan olunacaq qrant müsabiqələrinin mövzu istiqamətlərinin sistemləşdirilməsi üçün iştirakçıları müzakirələrə dəvət edib.

Çıxış edənlər layihələrin maliyyələşdirilməsində təcrübəli təşkilatların vəsaitinin artırılması və layihə davamlığının təmin olunması, QHT-lərlə sahəvi görüşlərə müvafiq qurumlar yanında fəaliyyət göstərən İctimai şuraların üzvlərinin dəvət olunması, Agentliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda körpü rolu oynaması, xüsusilə rayonlarda layihə icrası öncəsi razılaşdırma məsələsinin sadələşdirilməsi, beynəlxalq təşkilatlarla yerli QHT-lərin təcrübə mübadiləsi proqramlarının Agentlik tərəfindən təşkil edilməsi təkliflərini irəli sürüblər. Eləcə də QHT evlərinin yaradılması və bununla da bir sıra təşkilatların ofis probleminin həll edilməsinə töhfə verilməsi, Ədliyyə Nazirliyi tərəfindən QHT-lərin reyestrdən çıxarışlarının verilməsi prosedurunun sadələşdirilməsi, özəl sektorun QHT proqramlarının maliyyələşməsində iştirakının təmini, rəqəmsal bazarın və sahibkarlığın inkişafı istiqamətində layihələrin dəstəklənməsi və peşəyönümlü təhsilin təşviqinə QHT sektorunun qoşulması səsləndirilən təkliflər arasında olub.

Görüş iştirakçılarını maraqlandıran mövzular sırasında azad edilmiş ərazilərdəki quruculuq işlərində QHT-lərin iştirakı, “ağıllı” şəhər və kəndlərin qurulmasına cəlb olunan işçilər məsələsində inklüzivliyin nəzərə alınması, həmin ərazilərdə sahibkarlığın təşviqi, regionlarda QHT-lərin vəziyyətinin öyrənilməsi və onların gücləndirilməsi, ictimai birliklərin ehtiyaclarının müəyyənləşdirilməsi və bacarıqlarının artırılması məsələləri də yer alıb.

Müzakirələrdə qazilərə qayğının artırılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası mövzularında layihələrin maliyyələşdirilməsi, QHT-lərin öz xidmətlərini özəl sektora təklif etməsi üçün Agentliyin imkanlarından istifadənin aktuallığı barədə fikirlər xüsusi vurğulanıb.

Sonda N.Mehdiyev bildirib ki, bu cür görüşlərin təşkili davamlı olacaq, QHT-lərin aktual məsələləri ilə bağlı ekspert rəyləri dinləniləcək.