İşğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və rusiyalı kino mütəxəssisləri ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar.

Elitinfo.az xəbər verir ki, qonqlara Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə şəhərin tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan ordusunun ötən ilin payızında 44 günlük müharibədə qazandığı zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni bərpa, quruculuq dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 nömrəli məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib.
Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq.
Nümayəndə heyəti stendlərdə Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olublar.