Sağlam və təhlükəsiz iş şəraiti hər kəsə sağlamlıq hüquqlarından istifadəyə imkan verir. Eyni zamanda, əldə edilə bilən ən yüksək sağlamlığa nail olmaq irq, din, siyasi inanc, iqtisadi və sosial vəziyyətinə baxmayaraq hər bir insanın əsas hüquqlarından biridir. Son bir il ərzində dünyada minlərlə səhiyyə işçisi, gördüyü iş nəticəsində COVID-19 səbəbindən, həmçinin digər sahələrdə çalışanlar başqa peşə xəstəlikləri və xəsarətlərdən vəfat ediblər.

Elitinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirilən onlayn konfransda çıxışı zamanı deyib.
H.Harmancı vurğulayıb ki, əməyin mühafizəsi mövzusu COVID-19 sayəsində son bir il ərzində daha da aktual oldu. Pandemiya əməyin mühafizəsi və sağlamlığın idarə edilməsini, ictimai səhiyyə sistemləri ilə əlaqələndirmənin vacibliyini nümayiş etdirdi: “Səhiyyə işçiləri ən yüksək COVID-19 riski ilə üz-üzə qaldıqları üçün pandemiyanın onları daha çox təsir etdiyi müşahidə olunur. Bu səbəbdən 2021-ci il Beynəlxalq Səhiyyə və Yardım İşçiləri İli adlandırılıb edilib. Mövzu isə “Müdafiə etmək, yatırım etmək, birlikdə”dir.
Aparılan araşdırmaların nəticələrinə görə, hazırda davam edən pandemiya ilə əlaqədar olaraq dünyada səhiyyə işçilərinin 23 faizi depressiya və narahatlıqdan, 30 faizi isə yuxusuzluqdan əziyyət çəkir. Səhiyyə işçiləri arasında intihar riski digər peşə işçilərinə nisbətən daha yüksəkdir. Bu səbəbdən ÜST olaraq ölkələri və səhiyyə müəssisələrini səhiyyə işçilərinin fiziki və ruhi sağlamlıqlarını təmin etmək üçün əmək mühafizəsinə dair güclü proqramlar hazırlamağa və həyata keçirməyə çağırırıq. Bundan başqa, statistik məlumatlar göstərir ki, aşağı və orta gəlirli ölkələrdə səhiyyə işçilərinin 54 faizi gizli vərəm xəstəsidir. Bu da ümumi əhali arasında olan göstəricidən ən az iki qat daha çoxdur. Belə göstəricilərə görə ÜST tərəfindən səhiyyə işçilərinin peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı təlimat vermək üçün daim işlər görülür”.