Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 9-dan 10-a keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət edərək, ciddi zərurət olmadan küçəyə çıxmamağı tövsiyə edir.
Bununla yanaşı, əgər güclü külək insanları küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmamaq məsləhət görülür. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.
Həmçinin güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!