İyulun 17-18-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində keçirilən İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının (ICCIA) Baş Assambleyasının 38-ci iclasında, Direktorlar Şurasının 33-cü iclasında və İcraiyyə Komitəsinin 1-ci iclasında iştirak edib.

ASK-dan Elitinfo.az-a bildirilib ki, ICCIA Direktorlar Şurası və İcraiyyə Komitəsinin iclaslarında çıxışı zamanı ASK prezidenti M.Musayev ölkəmizin ICCIA Direktorlar Şurasının 34-cü iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Onun bu təklifi ICCIA prezidenti Abdullah Saleh Kamel və Direktorlar Şurasının üzvləri tərəfindən müsbət qarşılanıb.

M.Musayevin bu təşəbbüsü, ICCIA Direktorlar Şurasında aparılan səsvermə zamanı qəbul edilərək iclasın protokoluna daxil edilib.

Eyni zamanda, Məmməd Musayev cari ilin oktyabr ayında ICCIA-ın Bakı şəhərində birgə təşkil olunacaq “Dayanıqlı Kənd Təsərrüfatı Forumu”na hazırlığın yüksək səviyyədə getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclas zamanı, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan Respublikalarının Ticarət və Sənaye Palatalarının və Tailand Krallığının Müsəlman Ticarət Assosiasiyasının ICCIA-da müşahidəçi statusunda üzvlüklərinə baxılması, ICCIA Maliyyə Komitəsinin 64 və 65-ci hesabatlarının təsdiq olunması, ICCIA-ın Türkiyədə regional ofisinin açılması və digər gündəlikdə duran məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycanı ICCIA kimi mötəbər beynəlxalq təşkilatda təmsil edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ICCIA-ın Direktorlar Şurası və İcraiyyə Komitəsinin üzvüdür.