“Yaşıl enerji” konsepsiyası Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq.

Elitinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.

“Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var”, – deyə dövlətimizin başçısı vurğulayıb.

“Maire Tecnimont Group” şirkətində azərbaycanlı işçilərin olmasını dostluğun əsl rəmzi adlandıran Prezident deyib: Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik”.