Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, layihənin növbəti tarixi siması Kəlbəcərdə təhsilin əsasını qoyanlardan biri, istedadlı pedaqoq Cəfər Əhmədovdur. O, 1890-cı ilin aprel ayında Laçının Minkənd kəndində anadan olub. Minkənd 2 illik rus-tatar məktəbini, Gorus gimnaziyasını başa vurduqdan sonra Laçının bir çox ucqar kəndlərində müəllimlik edib. Daha sonra Kəlbəcərin Qamışlı, Seyidlər, Yanşaq, Zəylik, Ağcakənd kəndlərində müəllim olaraq çalışıb. Hər kəsə “Bala, gələcəyiniz yalnız elmdə, təhsildədir”, deyən Cəfər müəllim ömrünün sonunadək Kəlbəcər maarifinin inkişafına xidmət edib.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.