Dekabrın 18-də ABŞ-ın vitse-prezidenti Mayk Pensə birbaşa efirdə COVID-19 əleyhinə peyvənd edilib.

Elitinfo.az xəbər verir ki, Mayk Pens “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən işlənib hazırlanan yeni vaksinin təhlükəsiz və səmərəli olmasına amerikalılarda inam hissini artırmaq məqsədilə birbaşa efirdə peyvəndlənib. Vitse-prezidentin həyat yoldaşı Karen Pens və ABŞ-ın baş cərrahı Cerom Adams da onunla birgə peyvənd ediliblər.

Tövsiyələrə müvafiq olaraq, onlar 21 gündən sonra təkrar peyvənd olunacaqlar.
Pens başlanan vaksinləşməni tibbi möcüzə adlandırıb, çünki vaksinlərin işlənib hazırlanmasına, istehsalına və paylanmasına orta hesabla 8 ildən 12 ilədək müddət tələb olunur. Bu vaksinlə bağlı halda isə hər şey olduqca sürətlə baş verib.

Mayk Pens ölkənin Milli Səhiyyə İnstitutunun, Qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət üzrə ABŞ administrasiyasının və COVID-19 əleyhinə peyvəndlənməyə hazırlıq üzrə “Səsdən sürətli əməliyyat” adlı prezident layihəsinin komandasının gördüyü nəhəng işi qeyd edib.
Milad bayramı dövrünün ümid bayramı olduğunu vurğulayan Pens hesab edir ki, başlanan peyvəndlənmə Amerika xalqına və bütün dünyaya ümid gətirəcək. ABŞ Prezidenti Donald Trampın administrasiyası bundan əvvəl 20 milyon amerikalının dekabrın sonunadək peyvənd ediləcəyini planlaşdırdığını bəyan etmişdi.