Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət edilən mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.
Bu barədə Elitinfo.az-a nazirlikdən məlumat verilib. “Dekabrın 19-da “Virtual məktəb”də keçiriləcək milli qiymətləndirmə niyə məhz IV, VI və IX sinif şagirdləri üçün nəzərdə tutulub?” sualına cavab olaraq layihə çərçivəsində bildirilib ki, hər il mütəmadi olaraq Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müvafiq siniflər müəyyən edilərək milli qiymətləndirmələr təşkil olunur. Milli qiymətləndirmə sadəcə tədqiqat xarakterlidir.
Xatırladaq ki, dekabrın 19-u saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq. Milli qiymətləndirmə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunacaq.
Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımdır.
Qiymətləndirmə prosesində:
– IV sinif şagirdlərinə tədris ili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə);
– VI sinif şagirdlərinə tədris ili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat);
– IX sinif şagirdlərinə tədris ili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat).
Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.