Yola salmağa hazırlaşdığımız 2020-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyəti yerli və xarici kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Muzeydən Elitinfo.az-a bildirilib ki, bu il İtaliyanın tanınmış “La Stampa” qəzetində, Yunanıstanın “elculture.gr”, Özbəkistanın “nargiz.uz” və “xabardor.uz”, Rusiyanın “Moskva-Bakı” xəbər saytlarında, ABŞ-ın nüfuzlu “Forbes”, İngiltərənin “Halı” jurnallarında, “National Geographic Traveller India” və Rusiyanın “CARPET: xalça sənət kimi” elektron jurnallarında, həmçinin “Baku”, “Nargis”, “Mədəniyyət/Culture” jurnallarında muzeylə bağlı maraqlı məqalələr yayımlanıb.
Muzeyimizin fəaliyyəti, layihələri, eksponatları haqqında 70-ə qədər müxtəlif mövzularda xəbər mətnləri ölkəmizin ən çox oxunan 50-dən artıq informasiya agentliyi və qəzetlərində də dərc edilib.