Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, iclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara təklif edilən dəyişikliklərdə məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Qanunun icrası ilə bağlıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 3-cü maddəsinə “Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət Himni ifa edilir” məzmununda əlavə olunur; adıçəkilən digər 3 qanuna edilən dəyişikliklər də ölkəmizdə fəaliyyət göstərən televiziya və radio yayımlarında Azərbaycanın Dövlət Himnindən istifadə qaydalarını tənzimləməyə xidmət edir.

Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərdən (üçüncü oxunuş) bəhs edən komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklərə əsasən, reklam qurğuları tarix və mədəniyyət abidələrində, memarlıq abidələrində, həmçinin mühafizə zonalarında yerləşdirilərkən 2019-cu il 5 dekabr tarixli “Reklam haqqında” Qanunla müəyyən edilmiş qaydaya əməl olunmalıdır.

Gündəlikdəki üçüncü məsələni şərh edən Qənirə Paşayeva vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunması ilə bağlı mühüm vəzifələr qoyub. Fərmanın icrası ilə əlaqədar olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər (üçüncü oxunuş) ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək.

Onlayn iclasda komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin və Ülviyyə Həmzəyeva bu qanun layihələrinin əhəmiyyətindən danışıblar.

Fikir mübadiləsinin yekununda müzakirə edilən məsələlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.