Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Moskva Hökumətinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.

Konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib.

Elitinfo.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev vurğulayıb ki, bu konfrans ölkələrimizin ekspertləri, incəsənət xadimləri, alimlər və ictimai xadimlər arasında əlaqələri nizamlamağa və genişləndirməyə imkan verəcək. “Belə tədbirlərin keçirilməsi insanların bir-birini və ölkələrin mədəniyyətlərini daha yaxşı anlamağa, üzləşməli olduğumuz müxtəlif fobiya və təhdidlərə qarşı birləşməyə xidmət edir”, – deyən nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsirli və səmərəli mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məqsədilə başlanmış “Bakı Prosesi” müxtəlif formatlarda həyata keçirilir: “Azərbaycanın paytaxtında keçirilən konfrans çərçivəsində bu ilin payızında nəzərdə tutulan humanitar forumun işinin təməli qoyulacaq. Biz Rusiya ilə bu mədəniyyətlər dialoqunu həmin foruma hazırlıq məqsədilə təşkil etmişik. Bu, iki paytaxt arasında müəyyən mənada ilk tədbirdir”.

Mixail Qusman çıxışında bu konfransın keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirərək deyib: “Ölkələrimizi dərin tarixi köklər bağlayır. Rusiyadan bu tədbirə görkəmli ictimai xadimlərdən və mədəniyyət xadimlərindən ibarət böyük nüfuzlu nümayəndə heyəti gəlib. Onlar hamısı Bakıda olmalarına görə çox sevinirlər. Məsələ təkcə Azərbaycana xas olan ənənəvi qonaqpərvərliklə deyil, həm də nümayəndə heyətini əhatə edən dostluq, əməkdaşlıq və diqqət ilə bağlıdır”.

Mixail Qusman xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin təşəkkülünə böyük töhfə verib. O deyib: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında münasibətlərə, bizim mədəni əlaqələrimizə necə böyük əhəmiyyət verdiyini hamımız xatırlayırıq. Bugünkü konfrans onun vəsiyyətlərinin təcəssümüdür”.

Mixail Şvıdkoy qeyd edib ki, beynəlxalq gündəlikdə çox böyük əhəmiyyət kəsb edən Bakı Beynəlxalq Forumu həqiqətən planetar miqyaslı hadisəyə çevrilib: “Bakı Forumu təkcə ikitərəfli münasibətlər üçün deyil, çoxtərəfli münasibətlər üçün də mühüm hadisədir. O, ən müxtəlif ölkələrin, o cümlədən ABŞ, Avropa, Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin nümayəndələrinin diqqətini cəlb edir. Budəfəki konfrans göstərir ki, bizi əsrlərboyu davam edən insani dostluq münasibətləri bağlayır”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, mədəniyyətlərin dialoqu qarşılıqlı hörmətin göstəricisi və təmas nöqtələri axtarışıdır. O deyib: “Mədəniyyətlərin dialoqu o deməkdir ki, mədəniyyətlər və ənənələr kənardan zorla qəbul etdirilməsin. Həm Rusiya, həm də Azərbaycan elə bir vəziyyətlə üzləşir ki, bizim necə yaşamalı, nəyi dəyişməli, nəyi keçmişdən saxlamalı, kiminlə ünsiyyət qurmalı və dostluq etməli olmağımız barədə bitib-tükənməz məsləhətlər verirlər, bunları zorla qəbul etdirməyə çalışırlar. Mədəniyyətlərin dialoqu ənənələri qoruyub saxlamaqla ümumi dəyərlər tapmaq bacarığıdır. Mədəniyyətin bu tərəfini inkişaf etdirmək lazımdır”.

Xalq yazıçısı Anar, akademik Kamal Abdullayev, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq rəssamı Fərhad Xəlilov, RF Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçov, rusiyalı şair Aleksandr Qorodnitski və digər çıxış edənlər vurğuladılar ki, bu gün, Rusiya ilə Azərbaycanın münasibətləri bütün istiqamətlərdə intensiv inkişaf etdiyi bir vaxtda mədəni əlaqələr birləşdirici vəsilədir. Vurğulanıb ki, bəzən mədəni əməkdaşlıq siyasi və iqtisadi əməkdaşlıqla müqayisədə heç də az rol oynamır. Mədəniyyət, təhsil və elm sahələri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının uğurlu inkişafında böyük amillərdir. İki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri bu prosesdə həlledici amildir. Qeyd edilib ki, bu cür tədbirlər humanitar əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Dəyirmi masanın gedişində Moskva Şəhər Mədəniyyət Departamenti ilə Bakı Şəhər Baş Mədəniyyət İdarəsi arasında əməkdaşlıq haqqında Müqavilə imzalanıb.

Qeyd edək ki, konfrans çərçivəsində Rusiyada yaşayan görkəmli azərbaycanlılara və Azərbaycanda yaşayan rusların məşhur nümayəndələrinə həsr edilmiş fotosərgi keçirilməsi planlaşdırılır. Sərgi TASS informasiya agentliyi tərəfindən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə birgə təşkil olunub.

Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.