Elitinfo.az/. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq musiqi məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etdi, yeni uğurlar arzuladı. Nazir Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mədəniyyət sahəsinin inkişaflı istiqamətində əhəmiyyətli layihələrin gerçəkləşdiyini qeyd etdi: “Son illər dövlət başçısının müvafiq sərəncamlarına əsasən, mədəniyyət müəssisələri bərpa olunur, maddi-texniki bazası möhkəmləndirilir. Bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük dəstək verir. Biz də öz növbəmizdə paytaxtda və regionlarda fəaliyyət göstərən onlarla məktəbdə lazımi şəraitin yaradılması üçün addımlar atırıq. 7 illik musiqi məktəbində 330-dan çox şagird təhsil alır. Burada 80-dən çox müəllim 11 fənni tədris edir. İnanıram ki, Nizami rayonunun mərkəzində yerləşən bu təhsil ocağı musiqiyə meyilli gənclərimizin yaradıcılıq potensialının üzə çıxarılmasına təkan verəcək”.

Nazir vurğulayıb ki, həm nazirlik, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr dünyada Azərbaycan musiqisinə marağı artırır: “Odur ki, xüsusi ifaları, dərsləri, musiqi parçalarını “YouTube” vasitəsilə beynəlxalq daha geniş ictimaiyyətə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Təəssüf ki Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə çox az daxil olur. Bəstəkarlarımızın notlarına əlçatanlığı təmin etməliyik. Musiqiçilərimiz dərslərini, ifalarını virtual şəbəkəyə yerləşdirməlidirlər”.

Pedaqoji kadrların musiqi məktəblərinə işə qəbuluna toxunan nazir bildirdi ki, bu prosesin şəffaf şəkildə həyata keçirildiyini dedi: “Bu il müəllimlərin işə qəbulu üçün respublika üzrə 230, Bakı şəhəri üzrə 130 vakant yer elan etmişdik. 500-dən çox müraciət qəbul olundu. Əfsus ki, yalnız 130 nəfər imtahanlardan keçə bildi”.

Əbülfəs Qarayev həm kadr, həm texniki islahatlar, həm də müəllimlərin maaşlarının artırılması ilə bağlı ciddi işlərin həyata keçirildiyini diqqətə çatdırdı: “Üzümü musiqi məktəblərinin müəllimlərinə tutaraq deyirəm ki, hər bir şagirdin üzərində ciddi iş aparılmasa, o uşağın potensialı heç vaxt üzə çıxmayacaq. Ona görə sizin üzərinizə böyük məsuliyyət düşür. Fəaliyyətinizi gücləndirib Azərbaycanın musiqi tarixinə yeni adlar, yeni imzalar bəxş etməyinizi arzulayıram”.

Sonda Əbülfəs Qarayev məktəbin yenidənqurma işində iştirak edən, zəhməti olan hər kəsə təşəkkürnü bildirib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək təhsil ocağının təmirində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib, Kollektivə uğurlar arzulayıb.

Sonra qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

Daha sonra məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim edildi.

Qeyd edək ki, bu il 33 nömrəli Uşaq musiqi məktəbi 35 illik yubileyidir. Nizami rayon R.Rüstəmov küçəsi 35 ünvanında fəaliyyətə başlayıbməktəbdə ötən müddətdə təmir işləri aparılmayıb. Qeyri-yaşayış sahəsində 2018-ci ilin noyabr ayından əsaslı təmir işlərinə başlanılıb. 6 sinif otağı və kitabxana yaradılıb, 9 sinif otağında havalandırma sistemi quraşdırılıb. Məktəbin bütün inventar və avadanlıqları yenilənib. Hazırda təhsil ocağında 21 sinif otağı, 50 nəfərlik zal, kitabxana, qəbul otağı (dəftərxana), direktor otağı mövcuddur.