Külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəsində dələduzluqda təqsirləndirilən 1959-cu il təvəllüdlü Qədir Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Qədir Sultanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qədir Sultanov Xanımbacı İsmayılovanın 800 min manata yaxın pulunu ələ keçirməkdə ittiham edilib. İttihama görə, Qədir Sultanov Sahib Şükürovla birlikdə eyni əməli törədib.

Sahib Şükürov bu işi həll etmək üçün Naxçıvan Gömrük Komitəsinin sabiq sədri, 73 yaşlı Telman Əliyevlə görüşüb ki, o vəzifəli şəxslərdən bu işin həllini xahiş etsin.

Qədir Soltanov məhkəmədəki ifadəsində hazırda həbsdə olan Sahib Şükürovla bir məhəllədə yaşadığını deyib. O, heç kimi işə düzəltmədiyini və kimdənsə bunun qarşılığında pul almadığını söyləyib.

Daha əvvəl də dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşadığını deyən Qədir Sultanov həbsdən çıxdıqdan sonra Sahib Şükürovla görüşdüyünü bildirib: “Mən həbsdən çıxmış adam idim. Sahib dedi ki, iki nəfər var. Onların həbsdən çıxmasına kömək etsək, ona hörmət edəcəklər. O da mənə hörmət edəcəkdi. Mən də bir neçə nəfərdən maraqlandım. Sonra yanımıza Natiq adlı şəxs gəlib çıxdı. Natiq bu işi həll etmək üçün bizdən 100 min istədi. Özü üçün də şirinlik. Sahib dedi ki, nağd şəkildə 60 mini var. Mən də dedim ki, bu qədər pulları varsa, onlardan 100 minin qalanını niyə almırsan? Sahib dedi ki, qalanı qızıldır və dəyər-dəyməzinə satmaq istəmir. Biz pulun qalanını axtarmağa başladıq. Mən evi girov qoyub, faizə pul götürdüm. 42 min götürüb, 40 minini Sahib müəllimə verdim. Biz Natiqlə danışmışdıq ki, əvvəlcədən pul verilməyəcək. Məhkəmənin qərarı olmadan pulu verməyəcəyik. 10 gün sonra məhkəmə oldu. Amma iş alınmadı və həbs edilən şəxslər azadlığa çıxmadı. Mən də Natiqlə ağızlaşdım. Daha sonra Sahiblə görüşdüm. Mənim götürdüyüm pulun birinci ayının faizini Sahib verdi. Sonra dollar qalxdı. Mənim borclarım artdı. Bir müddət sonra Sahib mənə bir cüt sırğa və üzük verdi. Onu 50 minə satıb götürdüyüm pulun bir hissəsini ödədim. Qalan pulu da ödəmək üçün rayondakı evimi satdım. Vallah, bundan başqa heç nə almamışam”.

Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.

Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xanımbacı İsmayılova isə qızı və nəvəsinin azadlığa çıxması üçün Sahib Şükürova müraciət edib. Sahib Şükürov isə X.Ismayılovanı aldadaraq 800 minə yaxın pulunu ələ keçirib.

1958-ci il təvəllüdlü Sahib Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, X.İsmayılovanı aldatdığı üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sahib Şükürov hər iki işin həlli üçün yüksək vəzifəli şəxslərlə danışıq aparıldığını, bəzilərinə pul verildiyini deyib.