Azərbaycan Xalça Muzeyində muzeyin yaranma tarixinə və fəaliyyətinin ictimaiyyətə təqdimatına, həmçinin Gənclər Gününə həsr edilmiş “Müasir gəncliyin sənət dünyası” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Xalça Muzeyi və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə layihəsi əsasında təşkil olunub.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə respublikanın müxtəlif təşkilatlarından dəvət olunmuş fəal gənclər və muzeyin əməkdaşları iştirak ediblər.

Muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bütün qonaqları salamlayaraq “Azərbaycan Xalça Muzeyinin yaranma tarixi və fəaliyyətinin ictimaiyyətə təqdimatı” mövzusunda interaktiv materiallarla zəngin məlumatları diqqətə çatdırıb.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev partiyanın yaranma tarixi, partiya və müasir Azərbaycan gəncliyi, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı, gənclər gününün təsis edilməsi barədə məlumat verib və partiyanın inkişafında gənclərin rolunu yüksək qiymətləndirib.

Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş muzey əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.

Çıxışlardan sonra nümayiş olunan gənclər tərəfindən hazırlanmış musiqili-bədii proqram maraqla qarşılanıb.

Tədbir çərçivəsində Xalça Muzeyində “Gənc istedadların əsərlərindən ibarət sərgi” açılıb. Sərgi ziyarətçilərin marağına səbəb olub.