Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri “Gəncliyə töhfə” festivalı çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

Filarmoniyadan “Elitinfo.az”-a bildirilib ki, fevralın 2-də təqdim olunacaq konsertin bədii rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayev, solistləri isə Əməkdar artist Sahib Paşazadə, Fəxri Kazım Nicat olacaq. Konsertdə gənc bəstəkarların yaradıcılığına müraciət ediləcək.

Qeyd edək ki, gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyi, Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi əsasında “Gəncliyə töhfə” musiqi festivalı keçiriləcək.

Gənclər Gününə həsr olunan festivalın məqsədi Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, mütəmadi olaraq beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılmasıdır.