Yanvarın 23-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans keçirilir.
“Elitinfo.az” xəbər verir ki, ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin son illər sürətli inkişafa nail olduğunu, xalqımızın rifah səviyyəsi yüksəldiyini, dövlətimizin dünyada nüfuzunun artdığını deyib.
“Əmək bazarının tələblərinə uyğun yüksək təhsil və təlimin təşkili, dayanıqlı iqtisadi artım, əmək bazarına aid təkmil analiz və statistika, həssas qrupların əmək bazarına inteqrasiyası düşünürük ki, yüksəksəviyyəli məşğulluğun təmin olunması üçün əsas tərkib elemenlərdəndir”, – deyə o bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransın əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan məşğulluq sahəsində göstəricilərinə görə dünyada ən yaxşı mövqelərdən birinə malikdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev sosial partnyorluq münasibətlərinin günü-gündən inkişaf etdiyini bildirərək, bu konfransın sosial tərəfdaşlığın bariz nümunəsi olduğunu qeyd edib.
Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları, perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyalar keçirilir.
Həmçinin Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” mövzusunda hazırladığı qlobal hesabatının təqdimatı olacaq.