Dekabrın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli violin ifaçısı, “Şöhrət” ordenli, Xalq artisti Sərvər Qəniyevin 80 illiyinə həsr edilən tədbir keçirilib.
“Elitinfo.az” xəbər verir ki, tədbirdə musiqi sənətinə dəyərli töhfələr vermiş Sərvər Qəniyevin mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açılıb. Bildirib ki, 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olan Sərvər Qəniyev ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə alıb. Hələ gənc ikən o, Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək musiqi ictimaiyyətinin rəğbətini qazanıb. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən professional musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırıb.

1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərib. Sərvər Qəniyev 1971-1979-cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib və eyni zamanda, Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.

Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini tutmuşdur. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub.

Vurğulanıb ki, milli mədəniyyətimizi müxtəlif ölkələrdə mahir ustalıqla təmsil etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib. O, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də nailiyyətlər əldə edib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə ölkəmizlə yanaşı, dünya bəstəkarlarının sevilən əsərləri səsləndirilib.