Əlilliyi olan şəxslərin hüquqları haqqında qəbul olunan yeni qanuna əsasən, əlilliyin müəyyən olunması meyarları artıq ənənəvi olaraq I, II,III qruplarla deyil, sırf orqanizm funksiyalarının itirilməsi faizinin dəyərləndirilməsi ilə aparılacaq.
“Elitinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev məlumat verib. Bildirilib ki, əlillik xəstəlik və ondan irəli gələn orqanizmin funksiyaları və həyat fəaliyyətinin həssas kateqoriyalarının məhdudlaşdırma dərəcələrinə əsasən müəyyən olunacaq. Faiz göstəricisi də müəyyən olunmuş əlilliyə görə həmin əlilliyin müddəti müəyyənləşdiriləcək.
Hazırda tətbiq olunan qayda isə tam ümumiləşmiş praktikadır. Belə ki, bütün II və III qruplara beşillik, I qruplara isə müddətsiz təyinat verilir. Şöbə müdirinin dediyinə görə, qaydaların qəbul olunduğu təqdirdə I qrup əlillərə indiyədək fərqləndirmə təsnifatı aparılmırdısa, yeni qaydaya görə ən ağır əlillik dərəcəsində də fərqləndirmə aparılacaq. Bu, həmin şəxslərin ünvanlı, daha əhatəli sosial təminat tədbirləri ilə əhatə olunmasına kömək edəcək.
Yeni qanunun bu ilin axırları və ya gələn ilin əvvəllərində qəbul olunması gözlənilir.
Hazırda ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs var və onlardan 400 minə qədəri əlilliyə görə əmək pensiyası alır. Yəni ölkədə olan 1,3 milyon əmək pensiyaçısının 30 faizi əlilliyə görə pensiya alır.
2018-ci il oktyabrın 1-nə olan məlumata görə, pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 149,1 manat təşkil edib.
Pensiya hüququ olmayan əlilliyi olan şəxslər isə aylıq sosial müavinətlə təmin olunurlar. I qrup əlilliyi olan şəxslərə aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Əlilliyi olan şəxslərin bir qrupu da Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, Çernoblda hərbi xidmətlə və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlil olanlardır. Həmin şəxslərin 95 faizə qədəri əlilliyə görə aylıq müavinət alır. Müharibə əlilləri və onlara bərabər tutulanlara əlilliyə görə müavinət və pensiya ilə bərabər hər ay I qrup əlillər üçün 182 manat, II qrup əlillər üçün 158 manat, III qrup əlillər üçün 121 manat məbləğində Prezident təqaüdü verilir. Bu kateqoriyadan olanların mənzil və minik avtomobili ilə təminatı da həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır