Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksindəki yeni yaşayış binalarından alınmış 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

“Elitinfo.az” xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması, habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların ailələrinin, həmin döyüşlərdə əlil olanların mənzillə təminatı ildən–ilə gücləndirilir. Bu tədbir həmin zümrədən olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan növbəti addımdır. Bildirilib ki, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bunun nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan yaranıb. Bu, həmin kateqoriyadan olanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox – 600-ə yaxın mənzil təqdim edilməsinə səbəb olub.

Nazir müavininin verdiyi məlumata görə, hazırda verilən mənzillər də daxil olmaqla şəhid ailələrinə və əlilliyi olanlara bu günədək təqdim edilən mənzillərin sayı 6208-ə çatır. Həmin mənzillərdən 5,7 mindən çoxu ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlar və şəhid ailələrinə təqdim edilib. Bu ilin sonunadək Abşeron rayonunun Mehdiabad qəsəbəsində 72, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 200, İmişlidə 54, Şamaxıda 36 mənzilli yaşayış binalarının, ayrı-ayrı rayon və şəhərlərdə tikintisi başa çatan fərdi yaşayış evlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd edilib ki, gələn il 500 mənzil və 300 fərdi evin şəhid ailələri, Qarabağ müharibəsi veteranları və 20 Yanvar əlillərinə verilməsi planlaşdırılır.

ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev müharibə əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan işlərin, müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təmin edilmələrinin, eyni zamanda, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinin ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Sonra püşkatma nəticəsində 1, 2 və 3 otaqlı 145 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlilləri arasında bölüşdürülüb. Yeni mənzillərin yerləşdiyi binanın qarşısında salınmış park, oradakı əyləncə və oyun meydançaları sakinlərin ürəyincə olub. Yeni mənzillərin sahibləri onların həyat şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən razı qaldıqlarını bildiriblər. Bu qayğının növbəti ifadəsi kimi müasir tələblərə cavab verən mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.