Elitinfo.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) torpaq və su hövzələri üzrə eksperti Rikkardo Biankalani, layihə koordinatoru Əfsanə Lətifova və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olublar.
İnstitutdan bildirilib ki, İSİ-nin direktoru, akademik Telman Əliyevlə görüşdə qonaqlara müəssisədə həyata keçirilən “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi” və “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azaldılması məqsədilə intellektual seysmoakustik erkən xəbərdarlıq sisteminin yaradılması” layihələri barədə məlumat verilib.
Sonra İSİ, FAO və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.