Elitinfo.az xəbər verir ki, həftənin axırına qədər Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) gəmilər qrupu Fars körfəzi sularına daxil olacaq. Qrupa «John C. Stennis» avidaşıyıcısı başçılıq edəcək.
Bu barədə, özünün Pentaqondakı mənbələrinə istinadla «The Wall Street Journal» nəşri yazıb.
Dəqiqləşdirilir ki, ABŞ hərbi gəmilərinin Fars körfəzinə «səfəri» son 8 ayda ilk uyğun əməliyyat olacaq. Qəzetin yazdığına görə, iştirakın başlıca məqsədi – ABŞ-ın gücünü İrana nümayiş etdirməkdən ibarətdir.
ABŞ müdafiə nazirliyindəki mənbələrin məlumatına görə, «John C. Stennis» böyük ehtimalla, bölgədə iki həftəyə yaxın bir müddətdə qalacaq və bu müddətin böyük qismini Fars körfəzində keçirəcək.
Pentaqonda əmindirlər ki, aviadaşıyıcının iştirakı bölgə sularında İranın «potensial düşmənçilik» fəaliyyətinə qarşı durmağı təmin eləcək.
Noyabr ayında ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı Fars körfəzində ABŞ-ın hərbi iştirakını artırmaq təşəbbüsü irəli sürmüşdü. Ancaq o zaman ABŞ-ın müdafiə nazirliyi (MN) bu təşəbbüsü rədd etmişdi.